4 minə yaxın qazi və şəhid ailəsi hansı işdən imtina edib? – RƏSMİ

Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli ötən gün jurnalistlərə açıqlamasında işdən imtina edən müharibə iştirakçıları və şəhid ailələrinin sayını açıqlayıb. Qurum rəhbəri qeyd edib ki, 4000-ə yaxın şəxs – müharibə iştirakçısı və şəhid ailə üzvləri müxtəlif səbəblərdən onlara təklif olunan işlərdən imtina edib.

Mustafa Abbasbəylinin açıqlması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi şəxslərin fikrincə, Dövlət Məşğulluq Agentliyi qaneedici işlər təklif etmədiyindən imtina cavabı alıb.

Müharibə iştirakçısı və şəhid ailə üzvlərinə hansı işlərin təklif olunması ilə bağlı Dövlət Məşğulluq Agentliyinə sorğu ünvanladıq.

Agentlikdən bildirilib ki, təklif olunan işlər haqqında konkret bölgü yoxdur:

“Vakansiya bankında minlərlə iş var. Şəxs üçün münasib iş hansı hesab edilirsə, o da təklif olunur. Əgər bu vətəndaşı qane etmirsə, imtina hüququ var. 4000-ə yaxın şəxsdən heç də hamısını təklif etdiyimiz iş qane etmədiyi üçün imtina cavabı almamışıq. Onların arasında məşğul şəxslər, başqa yerdə çalışanlar, hərbi vəzifəsi olanlar da var. Bu ümumi statistikadır”.

Gununsesi.info