Vəkil andı içmiş vəkillərə xidməti vəsiqə veriləcək.
Gununsesi.info xəbər verir ki, bu, Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Vəkil fəaliyyəti dövründə xidməti vəsiqədən istifadə edəcək. Xidməti vəsiqədə göstərilən məlumatlar dəyişdikdə, məlumatların səhv olduğu müəyyənləşdirildikdə, xidməti vəsiqə itirildikdə, yararsız hala düşdükdə, habelə xidməti vəsiqənin etibarlılıq müddəti qurtardıqda ona yeni xidməti vəsiqə veriləcək.
Vəkilin fəaliyyəti dayandırıldıqda və ya onun fəaliyyətinə xitam verildikdə xidməti vəsiqə Vəkillər Kollegiyası Rəyasət Heyətinin aparatına qaytarılacaq.
Vəkilin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunduğu gündən dayandırma müddəti bitənədək o, xidməti vəsiqəsindən istifadə etmək hüququnu itirəcək. Vəkilin fəaliyyətinə xitam verilməsi barədə qərar qüvvəyə mindiyi gündən etibarən xidməti vəsiqə öz qüvvəsini itirəcək.












