Hüquqşünas Rahim Axundov Elm və Təhsil Nazirliyindən narazıdır.
Bu barədə hüquqşünas özü Gununsesi.info-ya bildirib.
O, qeyd edib ki, son günlər Elm və Təhsil Nazirliyinə birbaşa zəng etməyə çalışsa da, qarşılaşdığı vəziyyət ciddi narazılıq doğurur:

“Nazirliyin saytında vətəndaşların əlaqə saxlaması üçün (+994 12) 599-11-55 və (+994 12) 496-06-47 nömrələri göstərilib. Lakin 599-11-55 nömrəsinə zəng etdikdə avtomat operator yalnız daxili nömrəni bildiyiniz halda əlaqə yarada biləcəyinizi dedi. Nazirliyin saytında isə daxili nömrələr verilməyib, yəni vətəndaşlar birbaşa nazirlik işçilərinə zəng edə bilmir.
Bundan başqa, 496-06-47 nömrəsinə bir neçə dəfə zəng etdikdən sonra məlum oldu ki, bu nömrə faks nömrəsidir və cavab verilməyib. 146 Çağrı Mərkəzinə zəng edəndə isə operator “Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzinə xoş gəlmisiniz” deyir, amma əslində bu mərkəz yalnız nazirliyin tabe qurumları ilə əlaqə üçündür və vətəndaş birbaşa nazirliklə danışa bilmir”.
Rahim Axundov onu da qeyd edib ki, bu vəziyyət vətəndaşların nazirliklə birbaşa əlaqə imkanlarını məhdudlaşdırır və şəffaflıq prinsipinə ziddir:
“Görünür, nazirlik faktiki olaraq vətəndaşları tabe qurumlara yönləndirir və bu yanaşma demokratik cəmiyyətdə qəbul edilə bilməz”.
Şəbnəm












