ABŞ dünyada insan hüquqlarının müdafiəsi siyasətindən heç zaman geri çəkilməz - ELÇİN SADIQOV

  • Müəllif: Orxan
  • 04 Mart 2026 14:11

Xəbər verdiyimiz kimi, Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim dünən Vaşinqtonda həmin ölkənin dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Rayli Barns ilə görüş keçirib.

Sözügedən görüşün təfərrüatları məlum olmasa da, ehtimal edilir ki, görüş zamanı Azərbaycanda həbs həyatı yaşayan jurnalist və ictimai fəalların durumu müzakirə edilib. 

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən də sorğumuza cavab olaraq bildirilib ki, görüşün təfərrüatları ictimaiyyətə açıq deyil. 

Ancaq Azərbaycan ictimaiyyətində müzakirələr davam etməkdədir. 

“Mən hesab etmirəm ki, Amerika Birləşmiş Ştatları dünya və yaxud da Azərbaycan siyasətində insan hüquqlarının müdafiəsindən imtina edib. Bu, əsla belə deyil. Ümumiyyətlə, ABŞ dünyada insan hüquqlarının müdafiəsi siyasətindən heç zaman geri çəkilməz. Ola bilər ki, müəyyən bir mərhələ üçün bu proses arxa plana keçirilsin. Etiraf edək ki, Donald Trumpun prezident olmasından sonra insan hüquqları ABŞ siyasətində prioritet mövzu olmadı. Amma bununla belə, insan hüquqları ilə bağlı hesabatlar hazırlanır, dövləti katibinə məruzə olunur, konqresmenlər bu proseslər barədə məlumatlı olur. Bu baxımdan, hesab edirəm ki, ABŞ dövlət katibinin demokratiya insan hüquqları və əmək məsələləri üzrə müavinin Azərbaycanın bu ölkədəki səfiri ilə müzakirələr aparması təbiidir”. 

Bu sözləri Gununsesi.info-ya açıqlamasında insan hüquqları üzrə tanınmış vəkil Elçin Sadıqov deyib.

O bildirib ki, ABŞ son dönəmlər insan hüquqları ilə bağlı çağırışlara ara versə də, lakin diplomatik görüşlərdə bu məsələ həmişə qabardılıb:

“Bildiyim qədər, hökumət rəsmiləri ilə danışıqlarda Azərbaycanda insan hüquqları ilə bağlı həmişə müzakirələr olub. ABŞ-dəki son görüşə gəlincə, düşünürəm ki, Xəzər İbrahim ABŞ hökumətinin bu mesajını Xarici İşlər Nazirliyinə çatdıracaq və nazir də öz növbəsində bunu ali siyasi hakimiyyət rəhbərliyi ilə müzakirə edəcək. Müzakirələrin müsbət nəticəsinə gəlincə isə, hələlik dəqiq fikir söyləmək çətindir.

Elmar

Gununsesi.info