“Biz təkcə şəhərləri bərpa etmirik, insanların həyatını və ümidlərini yenidən dirçəldirik“.
Gununsesi.info bildirir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib:
“Biz təkcə şəhərləri bərpa etmirik, insanların həyatını və ümidlərini yenidən dirçəldirik. Azərbaycanda hər kəs ümidlə öz torpaqlarına qayıdacağı günü gözləyir. Burada təkcə daşdan və betondan danışmırıq. Buraya gələn insanlar öz ümidlərini görə bilsinlər.
Böyük həcmdə vəsait bərpa və yenidənqurma işlərinə yönəldilib. Biz şəhərləri və kəndləri yenidən qururuq. Ailələr təhlükəsiz yerlərə qayıdır, məktəblər açılır, icmalar gələcəyə inamla baxır.
Artıq köçkünlərin bir hissəsi yenidən tikilmiş və bərpa olunmuş evlərə qayıdıb. Yeni yaşayış məntəqələri, məktəblər, səhiyyə ocaqları yaradılıb. Bu görülən böyük işlərin yalnız bir hissəsidir.
Biz daha ağıllı və dayanıqlı sistem qurmaq istəyirik. Bu layihələrdə yenilənən enerji mənbələrindən, fiber-optik şəbəkələrdən və müasir sosial infrastrukturdan istifadə olunur. Enerji sistemi günəş panellərinə əsaslanır və bu yanaşma Azərbaycanda ilk dəfə tətbiq edilib
Bu gün keçirilən Dünya Şəhərsalma Forumunda iştirak etmək mənim üçün böyük şərəfdir. İlk olaraq bu platformanı yaradan hər kəsə təşəkkür edirəm”.
Şəbnəm Rəhimova












