“Ermənistan rəhbərliyi bundan sonra sülh gündəliyinə uyğun real addımlar atmalıdır”

“Yekun nəticələrdən sonra Nikol Paşinyanın səsləndirdiyi fikirlər də diqqət çəkir. O, Ermənistan xalqının səsvermə yolu ilə dövlətçiliyin, müstəqilliyin, gələcəyin və sülhün müdafiəsinə qalxdığını bəyan etdi və “müharibə partiyası” adlandırdığı qüvvələrin məğlubiyyətini vurğuladı”.

Gununsesi.info bildirir ki, bunu Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib:

“Bu baxımdan seçkilərin yekun nəticələri yalnız siyasi qələbə kimi deyil, həm də 2020-ci ildən sonra formalaşmış yeni geosiyasi düzənin növbəti təsdiqi kimi dəyərləndirilə bilər. Lakin seçkilər yalnız imkan yaradır. İmkanın real nəticəyə çevrilməsi sonrakı siyasi qərarlardan asılıdır.

Ermənistan rəhbərliyi bundan sonra sülh gündəliyinə uyğun real addımlar atmalı, sərhədlərin müəyyənləşdirilməsi, sülh sazişinin imzalanması və regional layihələrin həyata keçirilməsi istiqamətində konkret qərarlar verməlidir. Əks halda seçkilərlə yaranan imkan itirilə bilər.

Bu gün Ermənistanın qarşısında duran əsas məsələ keçmiş münaqişələrin kölgəsində yaşamaq deyil, gələcək dövlətçiliyin əsaslarını müəyyənləşdirməkdir. Tarix xalqlara belə fürsəti tez-tez vermir”.

 

 

Günay

Gununsesi.info