Əlbəttə, Azərbaycanda görkəmli komediya aktyorları olub və var. Ancaq Müşfiq Şahverdiyevin görkəmi bir qədər kəmdir.
Yox, bu dəm heç kim o dəqiqə düşünməsin ki, Müşfiq Şahverdiyev gülməli deyil. Əksinə, gülməlidir. Yəni məsələn, adam onun güldürmək istəyinə baxıb o ki var gülür.
Mənə elə gəlir ki, Müşfiq Şahverdiyev insanları güldürməyə çalışmasa, daha çox gülməli olar.
Bu mənada, ona Azərbaycanın “ən çox güldürə bilməyən komediya aktyoru” da deyə bilərik.
Başqa sözlə, bəzi aktyorlar səhnəyə çıxanda zal canlanır. Müşfiq çıxanda isə zal havalanır.
Ümumiyyətlə, Müşfiq Şahverdiyev özü də güləndə adam istəyir yaxınlaşıb desin ki, qardaş, hansı gününə gülürsən?
Elə bilirəm, onun ən çox eşitdiyi söz budur:
-Gülməli nəsə varsa, de, biz də gülək.
Müşfiq Şahverdiyev tək-tük komediya aktyorlarındandır ki, adama gülüş yox, əsəb bəxş edir.
Əslində, o, gülüş oğrusudur, insanın üzündəki gülüşləri oğurlayır. Dərinə getsək, xoşbəxtliklərini qısqanır. Bəlkə də, özü qəsdən elə edir ki, Azərbaycanda heç kim gülməsin.
Komediyanın xəbəri olmadığı, adını belə eşitməyi bu komediya aktyorumuzun ixtisası dram üzrədir. Yəni Allah qoymasa, camaatı ağlatmalıdır da. Məncə, onun ağlatmağa çalışması da gülməli olar.
Tez-tez orda-burda danışanda da deyir ki, özümü dramda daha yaxşı göstərə bilərdim. Ancaq hesab edirəm, əslində, indi də dram göstərir. Bütün gülüş səhnələri dərindən baxanda adamı ağladır.
Elə aktyorlar var ki, zarafat edir və hamı dərhal anlayır. Müşfiq Şahverdiyevin isə zarafat edə bilmədiyini hamı yaxşı başa düşür və adamların ürəyi ağrıyır. Bəlkə də, adamlar ona könlü xoş olsun, qəlb qırmasınlar deyə gülürlər.
Yeganə adamdır ki, gülüşü ömrü uzatmır. Məsələn, iki adam ona baxıb gülürsə, qəfil o adamlar bir-birilərinə baxıb niyə güldükləri üçün daha çox gülürlər.
Yeganə komediya aktyorudur ki, gülüş onu görən kimi ağlaya-ağlaya qaçır.
Başqa sözlə, o, gülüş yaratmır, gülüşü dağıdır, anasını ağladır.
Müşfiq Şahverdiyevin ən böyük uğuru öz ləhçəsində danışa bilməyindədir. Ləhçədən kənara heç kimdir, heç nə göstərə bilmir.
Məsələn, o, Füzulidən olsaydı, bəlkə də güldürərdi. Manaf demiş, yaxınlarda onun bir şəkli çıxdı qarşıma. Yaşıl şalvar, fərqli köynək geyinmişdi. Bax o şəkil Müşfiq Şahverdiyevdən daha çox gülməlidir.
Əksini düşünən varsa, desin:
Məsələn, bu günə qədər onun hansı bir yumoru yadda qalan olub?
O da bir çox həmkarı kimi qrup halında ortabab ola bilir. Təklikdə mövcud olmur.
Onun mimikası ilə dediyi sözlər arasında həmişə bir məhkəmə çəkişməsi gedir.
Üzü deyir “gülün”, sözləri, performansı deyir “özünüz bilərsiniz, yeriniz də olsaydım, dodağımı da tərpətməzdim”.
Bir sözlə, Müşfiq Şahverdiyev komediyanın ən böyük paradoksudur.
Adı daim komediya ilə yanaşı çəkilir, amma gülüş ondan həmişə bir addım arxada qalır.
Bir addım arxada qalır da azdır. Ümumiyyətlə, o heç vaxt gülüşlə yanbayan dayanmayıb. Çünki o özü gülüşün nə olduğunu bilmir, bu barədə heç bir təsəvvürü yoxdur.
Müşfiq Şahverdiyev əvvəllər tamadalıq da edib. Sonradan özünü bir qədər “tutandan” sonra guya ciddi işlərlə məşğul olub. Ancaq mahiyyəti elə yenə də tamadalıqda qalıb. Hətta bir ara demişdi ki, aktyor gərək tamadalıq etməsin, bu onu bəzən hörmətdən salır. İndi Müşfiq Şahverdiyev elə bilir ki, yaxşı aktyordur, daha tamadalıq onluq deyil.
Ancaq ona tövsiyəmiz bu olardı ki, qayıtsın şadlıq evlərinə, səhnə onluq deyil. Özünü bu qədər aldatdığı bəsdir.
Sonda onu demək istəyərdim ki, deyirlər, gülüş yoluxucudur.
Əgər doğrudan da belədirsə, Müşfiqahverdiyevin də gülüşü yoluxucudur. Ancaq ağır xəstəlik kimi.
Allah şəfa versin.

Orxan Saffari












