Politoloq Kamran Cəfərov Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukrayna Təhlükəsizlik Xidmətinə (UTX) Rusiyaya qarşı “sülhə məcburetmə əməliyyatı” ilə bağlı 40 günlük mərhələnin başlanmasına göstəriş verdiyi barədə yayılan məlumatı şərh edib.
Gununsesi.info-nun xəbərinə görə, Cəfərov bildirib ki, bu xəbər onda ilk növbədə “Flaminqo” raketləri ilə bağlı ehtimalı düşündürüb.
Onun sözlərinə görə, həmin raketlərin istehsal olunduğu vaxtdan istifadəsi istehsal həcmi ilə müqayisədə xeyli az olub və bu, Ukraynanın böyük raket ehtiyatı topladığı barədə ehtimallar yaradır.
Politoloq hesab edir ki, müəyyən mərhələdə bu ehtiyatlardan Rusiyaya qarşı genişmiqyaslı istifadə edilə bilər. Bununla yanaşı, o, diqqəti başqa bir məqama da yönəldib.
Kamran Cəfərovun fikrincə, Zelenskinin göstərişi ordudan və ya hərbi kəşfiyyatdan daha çox Ukrayna Təhlükəsizlik Xidmətinə ünvanlaması fərqli ssenarilər barədə suallar yaradır. O, bunun Rusiya ərazisində hərbi-siyasi rəhbərlikdə təmsil olunan şəxslərə qarşı xüsusi əməliyyatların başlanması ehtimalı ilə əlaqəli ola biləcəyini irəli sürüb.
Elmar
Gununsesi.info









