Azərbaycanda doğumların sayı niyə azalıb? – Sosioloq səbəbləri açıqladı

Azərbaycanda doğulan uşaqların sayı cəmi bir il ərzində 10 mindən çox azalıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, 2025-ci ilin yanvar-may aylarında ölkədə 38 min 836, 2026-cı ilin eyni dövründə isə 28 min 631 körpə dünyaya gəlib. Beləliklə, doğulan uşaqların sayı bir il ərzində 10 min 205 nəfər azalıb.

Maraqlıdır, doğum sayındakı azalma gələcəkdə hansı nəticələrə səbəb ola bilər? 

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan sosioloq Mail Yaqub doğum sayının azalmasının əsas səbəblərindən danışıb:

“Əsas səbəb kimi iki amili göstərmək olar. Birincisi, insanların həyata baxışı həm Azərbaycanda, həm də bütün dünyada dəyişib. İnsanlar müasirləşdikcə düşünürlər ki, uşağın gələcəkdə təhsili, qidalanması və asudə vaxtı yüksək səviyyədə təmin olunmalıdır. Bunu qarşılaya bilməyəcəklərini düşündükləri üçün bir uşaqla kifayətlənirlər.

Çox vaxt isə ümumiyyətlə ailə də qurmurlar. Düşünürlər ki, gələcəkdə uşağın qayğıları çox olacaq.

Burada sual yaranır: 1960–1970-ci illərdə vəziyyət necə idi? O dövrdə insanların maddi vəziyyəti indidən yaxşı idi? Əlbəttə, yox. Sadəcə, insanların həyata baxışı fərqli idi. Onlar düşünürdülər ki, uşaqlarını sadə şəraitdə də böyüdə bilərlər.

Bəs niyə beş uşaq dünyaya gətirirdilər? O zaman uşaqların təhsilinin necə olacağını bu qədər düşünmürdülər. “Allah kərimdir” deyirdilər. İndi isə həmin yanaşma dəyişib”.

Mail Yaqub hesab edir ki, digər əsas səbəb sosial-iqtisadi problemlərdir.

“Ancaq sosial-iqtisadi problemi olmayan ailələrdə də beş uşaq yoxdur. Onların da əksəriyyəti bir uşaqla kifayətlənir.

Hətta onların da çoxu ümumiyyətlə evlənmir. Niyə evlənmirlər? Çünki müasir insan daha çox özünü düşünür. Eqoist yanaşır və üzərinə əlavə məsuliyyət götürmək istəmir.

Bu prosesdə ictimai paylaşım vasitələrinin də təsiri böyükdür. Əgər gedişat bu şəkildə davam etsə, doğum göstəricilərində azalma meyli yenə də davam edəcək.

Biz tədricən Avropa ölkələrindəki vəziyyətə yaxınlaşırıq. Hazırda əhalinin ümumi sayı azalmır, ancaq artım tempi ildən-ilə aşağı düşür. Bu temp davamlı şəkildə zəiflədikdən sonra isə əhalinin ümumi sayı da azalmağa başlayır.

Bu artıq ciddi problemdir. Gələcəkdə pensiya alanların sayı artacaq, işçi qüvvəsinin sayı isə azalacaq”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info