Natiq Cəfərli: “Qara kürü istehsalçısı ziyan edirsə, iqtisadi sistemlə bağlı suallar yaranır”

  • By Admin2
  • 07 İyul 2026 16:21

İqtisadçı Natiq Cəfərli Azərbaycanda nərə balığı və qara kürü istehsalı ilə məşğul olan “CMS Properties” MMC-nin maliyyə nəticələrini şərh edib.

Gununsesi.info -nun xəbərinə görə, o bildirib ki, şirkət 2025-ci ili 2,9 milyon manat xalis zərərlə başa vurub. Cəfərlinin sözlərinə görə, şirkətin gəlirləri də son illərdə ardıcıl azalıb: 2023-cü ildə 19,07 milyon manat olan gəlirlər 2024-cü ildə 5,26 milyon manata, 2025-ci ildə isə 1,69 milyon manata düşüb.

İqtisadçı hesab edir ki, bu göstəricilər satış həcmlərinin son üç ildə davamlı şəkildə azaldığını göstərir.

Natiq Cəfərli qeyd edib ki, əgər qlobal bazarda yüksək gəlirliliyi ilə seçilən qara kürü istehsalı sahəsində fəaliyyət göstərən şirkət belə zərərlə işləyirsə, bunun səbəbləri araşdırılmalıdır.

Onun fikrincə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi məsələni diqqətdə saxlamalı, şirkətin zərərinin səbəblərini araşdırmalı və yaranmış problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görməlidir ki, növbəti illərdə vəziyyət yaxşılaşsın.

Cəfərli iddia edir ki, şirkətin zərərinə səbəb olan amillər ölkə iqtisadiyyatının üzləşdiyi ümumi problemlərlə oxşar ola bilər. O, yüksək vergi yükü, həddindən artıq tənzimləmə, nəzarət mexanizmləri, cərimələr və korrupsiyanı mümkün səbəblər kimi göstərib. İqtisadçı əlavə edib ki, əgər bu amillər şirkətin fəaliyyətinə təsir etməyibsə, aidiyyəti qurumlar bununla bağlı rəsmi izahat verməlidirlər.

“Əgər bir ölkədə qara kürü satışı ilə məşğul olan şirkət də ziyanla işləyirsə, deməli həmin ölkənin iqtisadi sistemi ilə bağlı ciddi suallar yaranır”, – deyə Natiq Cəfərli bildirib.

Elmar

Gununsesi.info