İsrailin nüfuzlu “Ynet” nəşri “İsrail qırmızı xətti keçdi: “Erməni soyqırımı”nı tanımasından sonra Azərbaycan böhranı daha da dərinləşdi” sərlövhəli məqalə yayımlayıb.
Gununsesi.info -nun xəbərinə görə, politoloq Turan Rzayev bildirib ki, məqalədə iki ölkə arasındakı münasibətlərdən məlumatlı rəsmilərə istinadən İsrail hökumətinin “erməni soyqırımı”nı tanımaq qərarının Azərbaycanla münasibətlərdə ictimaiyyətə göründüyündən daha dərin böhrana səbəb olduğu qeyd edilir.
Onun sözlərinə görə, İsrail-Türkiyə münasibətlərində yaşanan gərginlik Bakı üçün arzuolunan deyil.
Politoloq vurğulayıb ki, İsrail Azərbaycanın strateji tərəfdaşı, Türkiyə isə “Şuşa Bəyannaməsi” ilə rəsmən müttəfiqidir və Bakı uzun illərdir hər iki ölkə arasında münasibətlərin normallaşmasına töhfə verməyə çalışır.
Turan Rzayev hesab edir ki, İsrailin qəbul etdiyi qərar hər nə qədər Türkiyəyə siyasi mesaj xarakteri daşısa da, bu addım Azərbaycanın da maraqlarına toxunur. Onun fikrincə, qərarın Azərbaycan-Ermənistan sülh prosesinin irəlilədiyi bir dövrdə verilməsi həm Bakı, həm də İrəvan üçün gözlənilməz olub.
Politoloq onu da diqqətə çatdırıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın İsrailin qərarına sərt reaksiya verməməsi də diqqət çəkən məqamlardandır. O bildirib ki, Paşinyan “erməni soyqırımı” məsələsinin siyasi alətə çevrilməsinin Ermənistanın maraqlarına xidmət etmədiyini bəyan edib.
Rzayev həmçinin qeyd edib ki, “erməni soyqırımı” mövzusu regionun ən həssas və mübahisəli məsələlərindən biri olaraq qalır. Onun sözlərinə görə, Ankara hadisələrin soyqırımı olmadığını bildirir, Ermənistan isə bunun əksini müdafiə edir. Azərbaycan isə məsələyə 1918-ci il Mart hadisələri və Xocalı soyqırımı kontekstində yanaşır.
Turan Rzayev hesab edir ki, hazırkı geosiyasi şəraitdə yanaşmalar dəyişməlidir.
Onun fikrincə, Türkiyə, Azərbaycan və Ermənistan “erməni soyqırımı” məsələsi üzrə ortaq komissiya yaratmalı, tarixi arxiv materiallarını birgə araşdırmalı, həmçinin prosesə tərəfsiz xarici mütəxəssislər cəlb edilməlidir.
Politoloqun qənaətincə, belə bir mexanizm gələcəkdə tarixi məsələlərin regional sülh prosesinə təsirinin minimuma endirilməsinə və yeni gərginlik risklərinin qarşısının alınmasına xidmət edə bilər.
Orxan












