Bu gün Azərbaycanın ilk fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun 65 illik yubileyidir.
Gununsesi.info xatırladır ki, Kəmaləddin Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 nömrəli orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib. Sonralar Azərbaycan Universitetində ikinci ali təhsil alıb.
Əmək fəaliyyətinə 1978-ci ildə “Xəzərdənizneftqaz” Kəşfiyyat İdarəsində başlayaraq texnik və geoloq kimi çalışıb. 1995-ci ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin sədri, 2006-cı ilin fevral ayında isə fövqəladə hallar naziri təyin edilib. Bununla da ölkədə fövqəladə halların idarə olunması sahəsində yeni mərhələnin formalaşmasında iştirak edən əsas dövlət xadimlərindən biri olub.
Onun rəhbərliyi dövründə Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi, peşəkar xilasetmə xidmətlərinin inkişafı, müasir avadanlıqlarla təchizatın genişləndirilməsi və fövqəladə hallara operativ reaksiya imkanlarının artırılması istiqamətində mühüm işlər görülüb. Təbii fəlakətlər, yanğınlar, texnogen qəzalar və digər fövqəladə hadisələr zamanı nazirliyin fəaliyyətinin təkmilləşdirilməsi bu dövrdə həyata keçirilən islahatların əsas istiqamətlərindən biri hesab olunur.
Təkcə bir fakt qeyd etmək yerinə düşər. Bir zamanlar el arasında “pojarniy” adlandırılan Yanğından Mühafizə Xidməti DİN-nin tərkibində olub.
Amma bu struktur FHN-ə birləşəndən sonra ən müasir səviyyədə yeniləndi.
Bugün yanğınsöndürənlərə “pojarnik” yox, “fövqəladənin işçisi” deyirlər.
Kəmaləddin Heydərov eyni zamanda incəsənətə olan marağı ilə də tanınır.
Azərbaycanın tanınmış müğənnilərinin repertuarında yer alan bir sıra mahnıların musiqisi ona məxsusdur. O, müxtəlif müsahibələrində müəllifi olduğu əsərlərin “Kamal” imzası ilə təqdim edilməsini üstün tutduğunu bildirib.
İctimai rəydə Kəmaləddin Heydərov haqqında tez-tez vurğulanan məqamlardan biri də onun xeyriyyəçilik fəaliyyəti və humanist münasibətidir.
Müxtəlif dövrlərdə sosial layihələrə, aztəminatlı ailələrə və çətin vəziyyətə düşmüş insanlara göstərilən dəstək barədə ictimaiyyətə açıqlanan məlumatlar onun bu istiqamətdə də fəallığını göstərir.
Kəmaləddin Heydərov həm də ən çox tənqid olunan nazir kimi yadda qalıb.
Müxtəlif media orqanlarında onun və ailə üzvləri haqqında tənqidi yazılar dərc olunsa da, bu yazılarla bağlı heç zaman məhkəməyə üz tutmayıb.
Gununsesi.info olaraq, bu gün 65 illik yubileyini qeyd edən general-polkovnik Kəmaləddin Heydərovu təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Gununsesi.info











