Rusiyaya məxsus və qeyri-rəsmi olaraq “Qiyamət günü təyyarəsi” adlandırılan Tu-214PU-nun Tehrana uçduğu barədə məlumatlar yayılıb. Məlumat hələlik Rusiya rəsmiləri tərəfindən təsdiqlənməyib və iddia xarakteri daşıyır.
Gununsesi.info-nun xəbərinə görə, məsələni şərh edən politoloq Turan Rzayev bildirib ki, yayılan iddia mövcud geosiyasi şərait baxımından diqqətəlayiqdir.
Onun sözlərinə görə, Tu-214PU Rusiyanın dövlət rəhbərliyi üçün hazırlanmış xüsusi təyinatlı idarəetmə və rabitə təyyarəsidir. Xarici görünüşünə görə adi Tu-214 sərnişin təyyarəsinə bənzəsə də, daxilində xüsusi rabitə və idarəetmə sistemləri quraşdırılıb. Təyyarənin əsas vəzifəsi prezidentə və yüksək dövlət rəhbərliyinə uçuş zamanı təhlükəsiz rabitə, fasiləsiz əlaqə və fövqəladə vəziyyətlərdə ölkənin idarə olunmasını təmin etməkdir. Bu səbəbdən o, qeyri-rəsmi olaraq “uçan komanda məntəqəsi” və ya “Qiyamət günü təyyarəsi” kimi tanınır.
Politoloqun fikrincə, əgər yayılan məlumat doğru olarsa, həmin təyyarə İranın ali rəhbərliyi və yüksək vəzifəli şəxslərinin təhlükəsizliyinin təmin olunması məqsədilə göndərilmiş ola bilər.
“Bu təyyarədə İranın ali rəhbərliyi və ya yüksək səviyyəli dövlət rəsmilərinin, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəzi komandirlərinin təxliyəsinin nəzərdə tutulduğunu istisna etmək olmaz. Lakin bununla bağlı heç bir rəsmi təsdiq yoxdur”, – deyə Rzayev bildirib.
Politoloq qeyd edib ki, son günlər ABŞ ilə İran arasında hərbi gərginliyin yenidən artması fonunda Vaşinqtonun İranın strateji obyektlərini hədəfə aldığı, Tehranın isə cavab zərbələri endirdiyi bildirilir.
Onun sözlərinə görə, belə şəraitdə İran rəhbərliyinin təhlükəsizliyinin prioritet məsələyə çevrilməsi mümkündür.
Rzayev əlavə edib ki, İranın ali rəhbərinin səhhəti ilə bağlı sosial şəbəkələrdə və bəzi mənbələrdə müxtəlif təsdiqlənməmiş iddialar da yayılır. O vurğulayıb ki, bu məlumatların müstəqil mənbələr tərəfindən təsdiqi yoxdur və ehtiyatla qiymətləndirilməlidir.
Politoloqun sözlərinə görə, Rusiya ilə İran arasında son illərdə, xüsusilə Ukrayna müharibəsindən sonra siyasi, iqtisadi və hərbi əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. Onun fikrincə, İran-ABŞ qarşıdurmasının davam etməsi Moskvanın geosiyasi mövqeyini müəyyən mənada gücləndirə və Kremlin diqqətini Ukrayna istiqamətində daha fəal əməliyyatlara yönəltməsinə imkan yarada bilər.
Rzayev hesab edir ki, bu baxımdan Rusiyanın İranın yüksək vəzifəli şəxslərinin təhlükəsizliyinin təmin olunmasına dəstək verməsi ehtimalı tamamilə istisna edilə bilməz.
Bununla belə, o vurğulayıb ki, Tu-214PU-nun Tehrana uçuşunun məqsədi və mümkün sərnişinləri barədə yayılan məlumatlar hazırda rəsmi təsdiqini tapmayıb.
Orxan












