İqtisadçı Natiq Cəfərli Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin “Temu” platforması ilə bağlı “dumping” iddiaları əsasında araşdırma aparmasına münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, dünya praktikasında “dumping” istehsalçı şirkətlərin bazarda rəqibləri sıxışdırmaq məqsədilə məhsulları maya dəyərindən aşağı qiymətə satması və sonradan bazarda üstün mövqe əldə etdikdən sonra qiymətləri artırması kimi qiymətləndirilir.
Cəfərli qeyd edib ki, “Temu” istehsalçı deyil, Çin mənşəli beynəlxalq elektron ticarət platformasıdır və əsasən birbaşa istehsalçılarla işləyərək məhsulların satışını və çatdırılmasını təşkil edir. Bu səbəbdən onun “dumping” həyata keçirməsi ilə bağlı iddiaların əsaslandırılmasının çətin olduğunu vurğulayıb.
İqtisadçı hesab edir ki, dövlətin “Temu”nun fəaliyyətinə nəzarət etməsi və istehlakçı hüquqlarını qoruması vacibdir.
O bildirib ki, sifariş edilən məhsulların keyfiyyətsiz olması, xarab çatdırılması və ya təqdim edilən məhsuldan fərqlənməsi ilə bağlı şikayətlər araşdırılmalı, istehlakçıların hüquqları təmin edilməlidir.
Bununla yanaşı, Natiq Cəfərli Agentliyin məhz “dumping” məsələsini araşdırmasının səbəbləri ilə bağlı suallar səsləndirib.
O, bu istiqamətdə hansı rəqibin və ya bazar iştirakçısının şikayət etdiyinin açıqlanmadığını qeyd edərək, istehlakçılardan ciddi narazılıqlar olmadığı halda bu məsələnin gündəmə gətirilməsinin izaha ehtiyac duyduğunu bildirib.
Natiq Cəfərli əlavə edib ki, əgər araşdırmalar nəticəsində “Temu” cərimələnərsə, şirkət bu xərcləri çatdırılma və digər xidmət haqlarına əlavə edə bilər. Onun fikrincə, nəticədə cərimələrin və digər maliyyə yükünün əsas hissəsini son istehlakçı, yəni vətəndaş ödəyəcək.
Elmar












