Yüzbəyov: “Nolanın ‘Odissey’ filmi Qədim Yunanıstan haqqında deyil, bütün dövrlərə aid hekayədir”

  • Müəllif: Orxan
  • 30 İyul 2026 16:01

Aktyor və ssenarist Taleh Yüzbəyov Kristofer Nolanın “Odissey” filmi ilə bağlı fikirlərini bölüşüb.

Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, filmin ilk dəqiqələrində aktyor seçimi və vizual həllər ona qəribə gəlib.

ƏBu nə geyimlərdir? Bu nə aktyor heyətidir? Hindli aktyor niyə yunanı oynayır? Matt Damondan Odissey olar?” suallarını verdiyini qeyd edən Yüzbəyov sonradan bu yanaşmasını dəyişdiyini yazıb.

Onun sözlərinə görə, əvvəlcə özü də əsərə konservativ yanaşıb, lakin sonra Qədim Yunan mədəniyyətinin “təmiz” şəkildə təqdim olunması ilə bağlı gözləntilərinin əsassız olduğunu düşündüyünü bildirib.

O, hətta “İliada”nı tam oxumadığını, əsəri əsasən filmlərdən tanıdığını etiraf edib.

Taleh Yüzbəyov qeyd edib ki, bundan sonra filmi rahat izləyib və ekran əsərinin təsiri altına düşüb.

“Bir də baxdım film qurtarıb. Və mən kədərliyəm. Musiqi isə beynimdən çıxmır. Filmdən qalan hisslər isə canımdan…”- deyə o, əlavə edib.

Filmi bəyənməyənlərin əsas iradının onun orijinal mətnə sadiq qalmaması olduğunu xatırladan Yüzbəyov hesab edir ki, ekran əsəri heç belə bir iddia ilə çıxış etmir.

Onun fikrincə, beynəlmiləl aktyor heyəti və müasir vizual elementlər rejissorun məqsədli seçimidir. “Film Qədim Yunanıstanı yox, bütün dövrlərdən keçib bu günə qədər gəlmiş yunan mifinin ekran həllidir”, – deyə o vurğulayıb.

Yüzbəyov əlavə edib ki, Odisseyin yaşadığı sarsıntıları müasir dövrdə posttravmatik stress pozuntusu prizmasından da oxumaq mümkündür.

Onun qənaətincə, miflərin gücü də məhz bütün zamanlara və insanlara aid ola bilməsindədir.

Fikirlərində Troya atını tarixdə insanlığın ən böyük hiylələrindən biri kimi dəyərləndirən Taleh Yüzbəyov bildirib ki, həmin hadisədən sonra insanlar qarşı tərəfin inancından istifadə edərək onu məhv etməyin mümkün olduğunu gördülər və bu, sonrakı dövrlərə təsir göstərdi.

O, sonda müasir dünyada da “Troya atları”nın yaradıldığını, müharibələrin davam etdiyini və haradasa başqa bir Odisseyin evə qayıtmağa çalışdığını qeyd edərək, Kristofer Nolanın filminin də məhz bu ideyaları ön plana çıxardığını bildirib.

Elmar

Gununsesi.info