Azərbaycanda Psixologiya ixtisasının ali təhsil müəssisələrində daha geniş şəkildə tədris olunması məsələsi gündəmdədir. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə də daha əvvəl ali təhsil müəssisələrinin rəhbərləri ilə keçirilən görüşdə bu istiqamətdə genişlənmənin vacibliyini vurğulayıb.
Məsələ ilə bağlı universitetlərin mövqeyi isə fərqlidir.
Azərbaycan Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilənova bildirib ki, universitetdə tədris olunan ixtisasların spektrinin müasir dövrün tələblərinə uyğun şəkildə genişləndirilməsi inkişaf prioritetlərindən biridir. Onun sözlərinə görə, yeni ixtisasların açılması əmək bazarının tələbləri, ali təhsil sisteminin inkişaf istiqamətləri, ölkənin sosial-iqtisadi prioritetləri və universitetin akademik potensialı nəzərə alınmaqla mütəmadi olaraq qiymətləndirilir.
“Hazırda universitetdə psixologiya sahəsi üzrə bakalavriat səviyyəsində Təhsildə sosial-psixoloji xidmət ixtisası, magistratura səviyyəsində isə Təhsil psixologiyası ixtisaslaşması üzrə kadr hazırlığı həyata keçirilir. Yeni təsdiqlənən qəbul planında bakalavriat səviyyəsi üzrə Psixologiya ixtisası yer almır. Bütün zəruri şərtlər formalaşdığı təqdirdə, gələcəkdə sözügedən ixtisasın da qəbul planına daxil edilməsi məsələsinə baxıla bilər”, – deyə L.Dilənova qeyd edib.
Bakı Mühəndislik Universitetinin (BMU) tədris işləri üzrə prorektoru Həmzağa Orucov isə Psixologiya ixtisasına olan ehtiyacın artdığını bildirib.
O qeyd edib ki, insanların psixoloji xidmətə olan ehtiyacını nəzərə alaraq, universitetlərdə Psixologiya ixtisasının açılması bu sahədə xidmətlərin inkişafına töhfə verə bilər.
“Lakin pedaqoji yönümlü universitetlərdən fərqli olaraq, mühəndislik universitetində bu ixtisasın açılması üçün müvafiq kafedranın yaradılması və zəruri şərtlərin ödənilməsi lazımdır. Hazırda universitetin bunun üçün imkanı yoxdur. Yaxın illərdə belə bir imkan yaranarsa, universitet rəhbərliyinin bu məsələyə münasibətinin müsbət olacağını düşünürəm”, – deyə H.Orucov bildirib.
Qeyd edək ki, hazırda Azərbaycanda bir sıra ali təhsil müəssisələrində Psixologiya ixtisası üzrə kadr hazırlığı həyata keçirilir.
Psixologiya ixtisasının tədris olunduğu ali təhsil müəssisələri sırasında Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Qarabağ Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Qərbi Kaspi Universiteti, Odlar Yurdu Universiteti və Xəzər Universiteti yer alır.
Bundan əlavə, 2026/2027-ci tədris ilindən Azərbaycan Dillər Universitetində də Psixologiya ixtisası üzrə bakalavriat səviyyəsində tələbə qəbulunun həyata keçirilməsi nəzərdə tutulur.
Beləliklə, psixologiya sahəsinə artan tələbat fonunda Azərbaycanda bu ixtisasın yeni ali təhsil müəssisələrinin qəbul planlarına daxil edilməsi məsələsi qarşıdakı illərdə də gündəmdə qala bilər.
Vüsal Artyom












