Prokuror Rusiyada azərbaycanlı məşhur blogerə iş istədi

Rusiyada dövlət ittihamçısı azərbaycanlı məşhur bloger Hüseyn Həsənovun çirkli pulların yuyulması ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilməsini və 155 milyon rubl cərimələnməsini istəyib.

Gununsesi.info yerli KİV-ə istinadən xəbər verir ki, o, beynəlxalq axtarışda olduğu və ölkə xaricində gizləndiyi üçün məhkəmə prosesi qiyabi qaydada keçirilir.

İstintaqın iddiasına görə, Hüseyn Həsənov 2019–2021-ci illərdə 175 milyon rubl məbləğində vergi ödəməyib. Bildirilir ki, həmin vəsaitin bir hissəsi daşınmaz əmlak alınması yolu ilə leqallaşdırılıb.

Məlumata görə, Həsənov sonradan Federal Vergi Xidməti qarşısındakı vergi borcunu tam ödəyib. Bu səbəbdən ona qarşı vergidən yayınma ittihamına xitam verilsə də, çirkli pulların yuyulması ittihamı qüvvədə saxlanılıb.

İstintaq hesab edir ki, bloger hazırda Birləşmiş Ərəb Əmirliklərində yaşayır.

Məhkəmə iclasında ifadə verən ittiham şahidi bildirib ki, Moskva-Siti kompleksində yerləşən mənzilin satışı zamanı saxta alqı-satqı müqaviləsi bağlanıb. Onun sözlərinə görə, müqavilədə mənzilin qiyməti 68 milyon rubl göstərilsə də, bank seyfinə pul əvəzinə kraker qutuları yerləşdirilib.

Qeyd edək ki, Hüseyn Həsənov özünə qarşı irəli sürülən ittihamlarla bağlı günahını etiraf etməyib.

 

Gununsesi.info