Yazıçı Aqşin Yenisey təhsilin cəmiyyətdəki rolu ilə bağlı fikirlərini bildirib.
Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, bu gün cəmiyyətdə qədim sofistlərdən və stoaçılardan gələn “əsl məktəb həyatdır” fikri geniş yayılıb.
Yazıçının fikrincə, Azərbaycanda bu yanaşmadan “millətdən qara camaat düzəltmək” məqsədilə istifadə olunur.
Aqşin Yenisey qeyd edib ki, həyat yalnız məktəblərin və təhsil sisteminin mövcud olmadığı dövrlərdə əsas öyrənmə mənbəyi hesab edilə bilərdi.
Onun sözlərinə görə, təhsilin kütləviləşməsindən sonra inkişaf etmiş ölkələr cəmiyyətlərini məhz elmi bilik və təhsil əsasında formalaşdırıblar.
Yazıçı hesab edir ki, müasir dövrdə həyat insanı öyrədən deyil, əksinə, təhsilin istiqamətləndirdiyi bir sahəyə çevrilib:
“Bu gün həyat insana heç bir şey öyrətmir, öyrədə də bilməz. Bu gün təhsil həyatı arxasınca sürüyüb aparır”.
Aqşin Yenisey vurğulayıb ki, təhsil dedikdə yalnız formal tədris proqramlarını deyil, ümumilikdə mütaliə mədəniyyətini nəzərdə tutur.
O bildirib ki, sosial şəbəkələrdə əsas qarşıdurma da məhz təhsildən və mütaliədən çıxış edən azlıqla “həyat məktəbi” anlayışını üstün tutan çoxluq arasında müşahidə olunur.
Elmar












