Bu gün təhsil haqqı haqqında danışanda qəribə bir mənzərə ilə qarşılaşırıq. Bir tərəfdə “bu qiymətlər normaldır, universitet də pul xərcləyir, müəllim işləyir, infrastruktur var” deyənlər dayanır. Digər tərəfdə isə eyni rəqəmlərə baxıb “bu məbləği orta statistik ailə necə ödəsin?” deyə soruşanlar.
Hər iki tərəfin arqumentində həqiqət var. Universitetin də xərci var. Keyfiyyətli təhsil ucuz başa gəlmir. Amma bir məsələni də unutmaq olmaz: təhsil adi kommersiya məhsulu deyil.
Məsələn, Azərbaycan Tibb Universitetində təhsil haqlarının aşağı salınması xəbəri bu baxımdan diqqət çəkir. Tibb ixtisasında illik ödənişin 6500 manatdan 5000 manata, stomatologiyada 6000 manatdan 4500 manata endirilməsi yaxşı xəbərdir. Əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı işi üzrə də müəyyən endirimlərin edilməsi müsbət addımdır.
Amma bir sual yenə ortada qalır: 5000 manat ucuzdurmu?
Rəqəmin özünə baxanda bəlkə də kimsə “normaldır” deyə bilər. Başqa universitetlərdəki təhsil haqları ilə müqayisə edəndə də bunu əsaslandırmaq mümkündür.
Məsələn, ADA Universitetində bəzi ixtisaslar üzrə illik təhsil haqqının 8000 manata çatması fonunda 5000 manat o qədər də qeyri-adi görünməyə bilər. Digər tərəfdən, Naxçıvan və Gəncə Dövlət universitetlərində bəzi ixtisasların 1100 manat civarında olması həmin rəqəmi tamam başqa cür göstərir.
Deməli, məsələ təkcə “5000 manat bahadır, ya ucuzdur?” sualından ibarət deyil.
Məsələ budur ki, bu 5000 manatı kim ödəyir?
Bir ailənin iki övladı universitetdə oxuyursa, biri də kirayədə qalırsa, ata-ananın maaşından başqa ciddi gəliri yoxdursa, 5000 manat həmin ailə üçün sadəcə “təhsil haqqı” deyil. Bu, ailənin büdcəsini aylarla, bəlkə də illərlə silkələyən bir rəqəmdir.
Əlbəttə, kimsə deyə bilər ki, imkanın yoxdursa, dövlət sifarişi ilə oxu. Bu da doğru arqumentdir. Amma hər kəs dövlət sifarişli yerə düşmür. Üstəlik, insanın gələcək peşəsini yalnız “pulsuz yer haradadırsa, ora gedim” məntiqi ilə seçməsi də normal deyil.
Təhsilin qiyməti ilə təhsilin dəyərini bir-birinə qarışdırmaq olmaz.
Bir həkimin hazırlanması həqiqətən bahalı prosesdir. Laboratoriyalar, klinik baza, avadanlıq, müəllim heyəti, praktiki məşğələlər – bütün bunların hamısının xərci var. Ona görə də tibb təhsilinin digər ixtisaslardan baha olması müəyyən mənada başadüşüləndir.
Amma universitetin xərci tələbənin və ailəsinin problemi kimi təqdim olunanda məsələ dəyişir.
Təhsil haqqını normal sayanlara da bir sual vermək lazımdır: normal kimin üçün?
8000 manat illik təhsil haqqı yüksək gəlirli ailə üçün bəlkə də ciddi problem deyil. Amma minimum və ya orta maaşla yaşayan ailə üçün tamam başqa rəqəmdir. Eyni şəkildə 5000 manat da bir insan üçün “elə də çox deyil”, digəri üçün isə övladının arzusunu yarımçıq qoyacaq qədər böyük məbləğ ola bilər.
Ona görə təhsil haqlarını müzakirə edərkən yalnız universitetləri günahlandırmaq da doğru deyil. Əgər universitetlərə keyfiyyətli təhsil vermək üçün böyük maliyyə lazımdırsa, burada dövlətin də üzərinə daha böyük məsuliyyət düşür.
Çünki cəmiyyətin gələcəyi universitet auditoriyalarında hazırlanır.
Həkim, müəllim, mühəndis, hüquqşünas, iqtisadçı – bunların hamısı sabah bu ölkənin yükünü daşıyacaq. Bu gün onların təhsilinə qoyulan hər manat əslində gələcəyə qoyulan sərmayədir.
Ona görə də “sağ əli digər universitetlərin başına” demək xoş arzudur. Azərbaycan Tibb Universitetinin endirim etməsi doğrudan da yaxşı haldır. Amma arzu bundan böyük olmalıdır: bütün universitetlərdə keyfiyyətli ali təhsil imkanlıların imtiyazı yox, bacarığı olanların haqqı olsun.
Təhsilin qiyməti ola bilər. Amma insanın gələcəyinin qiyməti olmamalıdır.
Elmar











