Rəsmi Moskvanın Ermənistanın baş naziri Nikol Paşinyanı “Aİ, yoxsa Aİİ” (ya Avropa İttifaqı, ya Avrasiya İqtisadi İttifaqı) seçimi qarşısında vaxt qoyması Ermənistanın xarici siyasətində manevr imkanlarının nə qədər daraldığını göstərir.
Miqrasiya, enerji və hava əlaqələri kimi sahələrin təzyiq alətinə çevrilməsi Rusiya-Ermənistan münasibətlərində siyasi fikir ayrılığının artıq iqtisadi və sosial nəticələr mərhələsinə keçə biləcəyi mesajını verir.
Əsas sual budur: Paşinyan Qərbə inteqrasiya xəttini davam etdirərək Moskvanın mümkün təzyiqlərini qəbul etməyə hazırdır, yoxsa Ermənistan yenidən Rusiyanın təsir orbitinə qayıtmaq məcburiyyətində qalacaq?
Siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu Bizimyol.info-ya açıqlamasında bildirib ki, Paşinyan açıq şəkildə Avropa İttifaqına inteqrasiya kursunu götürüb və bundan imtina etmək niyyəti də görünmür. Amma sözsüz ki, bu, Ermənistan üçün bir sıra risklərlə müşayiət oluna bilər. Bunu elə erməni ekspertlərin özləri də qeyd edirlər.
“Həqiqətən də, bildiyimiz kimi, Ermənistan məhsulları üçün ən böyük bazar Rusiya bazarıdır. Bunu statistik göstəricilər də sübut edir. Məsələn, 2025-ci ildə Ermənistan məhsullarının – istər kənd təsərrüfatı məhsulları olsun, istərsə də digər istehsal sahələrinin məhsulları – təxminən 35-36 faizi Rusiya bazarlarında satılıb. Bu isə çox böyük göstəricidir. Ermənistan bazarının Rusiya üçün həcmi isə təxminən 1-1,1 faiz təşkil edir. Yəni Rusiya iqtisadiyyatı üçün bu, demək olar ki, ciddi rəqəm deyil.
Bu baxımdan, qısa zaman kəsiyində, hələ Avrasiya İqtisadi İttifaqını nəzərə almasaq belə, təkcə Rusiya bazarına Ermənistan məhsullarının daxil olmasının məhdudlaşdırılması Ermənistan iqtisadiyyatına çox ciddi mənfi təsir göstərəcəkdir”, – deyə o bildirib.
Politoloqun fikrincə, Rusiyada çoxsaylı Ermənistan vətəndaşı olan ermənilər, eyni zamanda Ermənistanda çoxlu qohum-əqrəbası yaşayan və Rusiya pasportu daşıyan ermənilər çalışırlar və yaşayırlar. Onlar hər il Ermənistana təxminən 3,8-4 milyard dollar civarında pul vəsaiti göndərirlər. Bu da Ermənistanın ümumi daxili məhsulunun əhəmiyyətli hissəsi deməkdir. Hazırda Avropa İttifaqı bütün bunları qısa zaman kəsiyində əvəz etmək imkanına sahib deyil.
Politoloqun fikrincə, Avropa İttifaqı Ermənistanı hərtərəfli dəstəkləməyə çalışır: “Məsələn, Dayanıqlılıq və İnkişaf 2024-2027 proqramı çərçivəsində Ermənistana 270 milyon avro dəstək göstərilməsi nəzərdə tutulur. Eləcə də Avropa İttifaqı ilə Ermənistan bir sıra müxtəlif layihələr həyata keçirir. Avropa İttifaqı Ermənistanın ayrı-ayrı bölgələrinin inkişafına və vətəndaş cəmiyyətinin gücləndirilməsinə dəstək vermək istəyir. Bütün bunlar onu göstərir ki, Avropa İttifaqı hər vasitə ilə Ermənistanı Rusiyadan maksimum uzaqlaşdırmağa və bacardıqca Ermənistanın yükünün müəyyən hissəsini öz üzərinə götürməyə çalışır”.
Elşad Mirbəşiroğlu vurğulayıb ki, Avropa İttifaqı hələlik bunu etmək iqtidarında deyil. Düzdür, Ermənistan məhsullarının təxminən 80 faizinə qədərinin gömrük rüsumundan azad olunması istiqamətində addım atılıb. Amma bu, o demək deyil ki, Ermənistan məhsulları rahat şəkildə Avropa bazarlarına daxil ola biləcək. Çünki Avropa İttifaqına üzv olan ölkələrin hər birinin öz milli standartları mövcuddur və Ermənistan qısa zaman kəsiyində, məsələn, 7-8 ölkənin milli standartına uyğun məhsul istehsal edə bilməz. Bu, həm böyük maliyyə vəsaiti, həm də uzun zaman tələb edir. O vaxta qədər isə Ermənistanın ayrı-ayrı istehsal sahələri tamamilə çökə bilər.
“Ermənistan Avrasiya İqtisadi İttifaqı ilə əlaqələrini kəsərsə, bu, onun ümumi daxili məhsulunda təxminən 14-15 faiz geriləməyə səbəb ola bilər. Avropa İttifaqı isə bunu kompensasiya etmək gücündə deyil. Ola bilsin ki, zamanla Ermənistan Avrasiya İqtisadi İttifaqı ilə əlaqələrini minimuma endirərsə, Avropa İttifaqı müəyyən səviyyədə onun itkilərini kompensasiya edə bilər. Amma yenə də qeyd etmək istəyirəm ki, bu, çox zaman tələb edəcəkdir”, – deyə o bildirib.
Politoloqun fikrincə, Ermənistanla Avropa İttifaqının dinamik yaxınlaşması rəsmi Moskvanı ciddi şəkildə narahat edir və biz bunu Moskvanın ritorikasında da aydın görürük. Bunun qarşısını almaq üçün Rusiya müxtəlif addımlara əl atır. Məsələn, Ermənistan məhsullarının Rusiya bazarlarına daxil olmasının məhdudlaşdırılması, eləcə də hava nəqliyyatı və enerji sahələrində Ermənistan üçün müəyyən məhdudiyyətlərin tətbiq olunması Ermənistan iqtisadiyyatının zəiflədilməsinə və onun geosiyasi orientirinə yenidən baxmasına hesablanıb.
“Amma biz görürük ki, Paşinyanın burada çox böyük manevr imkanları yoxdur. Çünki Paşinyan Avropa siyasi dairələrindən ciddi şəkildə asılıdır və 2018-ci ildə həmin dairələrin yaxından dəstəyi ilə hakimiyyətə gəldikdən dərhal sonra həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, həm də Avrasiya İqtisadi İttifaqından uzaqlaşma kursunu götürdü. Lakin Ermənistan iqtisadiyyatı Avrasiya İqtisadi İttifaqı ilə o dərəcədə inteqrasiya olunub ki, qısa zaman kəsiyində həmin əlaqələrin qırılması mümkün deyil. Bu isə Ermənistan üçün çox böyük itkilərə gətirib çıxara bilər”, – deyə o əlavə edib.
Elşad Mirbəşiroğlunun fikrincə, Rusiya ilə Ermənistan arasında gərginliyin getdikcə daha da artacağını gözləmək mümkündür. Çünki həm Rusiya tərəfi bunu dəfələrlə səsləndirib, həm də Paşinyanın özü bir neçə dəfə etiraf edib ki, Ermənistan eyni zamanda həm Avrasiya İqtisadi İttifaqında, həm də Avropa İttifaqında mövcud ola bilməz.
“Rusiya tərəfi təklif edir ki, bu məsələ Ermənistanda referendum vasitəsilə müəyyənləşdirilsin. Yəni Ermənistan hansı yolu seçməlidir: Avrasiya İqtisadi İttifaqında qalmalıdır, yoxsa Avropa İttifaqına inteqrasiya etməlidir? Bunun referendum yolu ilə müəyyənləşdirilməsi Rusiya tərəfindən bir neçə dəfə təklif olunub. Amma bildiyimiz kimi, artıq Ermənistanda qanunvericilik səviyyəsində ölkənin Avropa İttifaqına kurs götürdüyü təsbit olunub. Bu isə o deməkdir ki, bundan sonrakı mərhələdə də Ermənistan Avropa İttifaqı ilə inteqrasiya prosesini davam etdirəcək.
Lakin burada çox ciddi həllini gözləyən məsələlər var. Ermənistan bu halda Avrasiya İqtisadi İttifaqı ilə, eləcə də Rusiya ilə münasibətlərini necə tənzimləyəcək? Bu, heç də asan görünmür. Paşinyanın balans yaratmaq imkanları çox məhduddur və belə bir balans yaratmaq istəyi olsa belə, Rusiya buna imkan verməyəcək. Çünki Rusiya tərəfi aydın şəkildə görür və səsləndirir ki, Ermənistan Rusiyadan uzaqlaşma və müvafiq olaraq Avropa İttifaqına yaxınlaşma kursunu götürüb”, – deyə o bildirib.
Politoloqun fikrincə, ona görə də Rusiya Ermənistan iqtisadiyyatını qorumaq üçün balanslı siyasətin həyata keçirilməsi imkanlarını da məhdudlaşdırmağa çalışacaqdır: “Paşinyan hazırkı geosiyasi reallıqlar qarşısında nisbətən aciz durumdadır. Bir tərəfdən o, Avropa İttifaqına inteqrasiya kursundan imtina etməyəcək və edə də bilməz. Bunun səbəbi, qeyd etdiyim kimi, Avropa siyasi dairələrinin kifayət qədər ciddi təsir imkanlarına malik olmasıdır. Digər tərəfdən isə Ermənistan iqtisadiyyatı həm Avrasiya İqtisadi İttifaqından, həm də ayrıca olaraq Rusiyadan çox asılıdır. Rusiyanın Ermənistana təzyiq etmək imkanları kifayət qədər böyükdür”.
Elşad Mirbəşiroğlu deyib ki, Ermənistan həm ciddi siyasi və geosiyasi, həm də iqtisadi sınaqlar qarşısında qalacaq.












