Daha bir keçmiş hakim ona təyin edilən 4 700 manatlıq pensiyadan narazı qalaraq məhkəməyə müraciət edib. Məhkəmə onun pensiyasının artırılması barədə qərar qəbul edib və məbləğin təxminən 7 500 manata çatdırılmasına qərar verib.
Gununsesi.info xəbər verir ki, söhbət 15 ildən çox Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışmış Cahangir Yusifovdan gedir. O, ötən il 65 yaşı tamam olduğu üçün vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
C.Yusifova 2025-ci ildə yaş həddi ilə əlaqədar vəzifəsindən çıxarıldıqdan sonra 4 700 manat əmək pensiyası təyin edilib. Dövlət Sosial Müdafiə Fondu onun hakim işlədiyi dövrdə aldığı 8 076 manat orta aylıq əməkhaqqının təxminən 58 faizi məbləğində pensiya hesablayıb.
Sabiq hakim pensiyasının az hesablandığını düşünərək əvvəlcə Dövlət Sosial Müdafiə Fonduna, daha sonra isə məhkəməyə müraciət edib. O, pensiyasının 8 200 manata qaldırılmasını tələb edib.
C.Yusifov təxminən 30 il iş stajının olduğunu, bunun 18 ilə yaxınını hakim vəzifəsində çalışdığını bildirib. Onun fikrincə, pensiya hesablanarkən apellyasiya məhkəməsinin hakimi kimi aldığı əməkhaqqının 80 faizi, pensiya kapitalı və hakimlərə ödənilən aylıq maddi yardım da nəzərə alınmalıdır.
Dövlət Sosial Müdafiə Fondu məhkəmədə sabiq hakimin iddiasına etiraz edib.
Lakin məhkəmə C.Yusifovun iddiasını əsasən təmin edib. Hakimlərə ödənilən aylıq pensiyanın 10 faizi həcmində maddi yardımın nəzərə alınması tələbi təmin edilməsə də, digər tələbləri üzrə onun xeyrinə qərar çıxarılıb. Nəticədə sabiq hakimin pensiyasının təxminən 7 500 manat olması müəyyənləşdirilib.
66 yaşlı Cahangir Yusifov 2007-ci ildən hakim kimi fəaliyyət göstərib. 2010-cu ildən 2025-ci ildə təqaüdə göndərilənədək Bakı Apellyasiya Məhkəməsində inzibati mübahisələr üzrə işlərə baxıb.
Qeyd edək ki, yaş həddi ilə əlaqədar vəzifədən azad edilən hakimlərə təyin olunan pensiyaların məbləği orta statistik pensiya ilə müqayisədə dəfələrlə yüksək olsa da, bəzi keçmiş hakimlər bu məbləğlə razılaşmır və pensiyalarının artırılması tələbi ilə məhkəməyə müraciət edirlər.
Onların arasında Azad Məcidov, Ənvər Seyidov, Ülvi Mayılov, Vladimir Ruvinov, İlqar Murquzov, İradə Həsənzadə və başqaları da var. Məhkəmələr keçmiş hakimlərin pensiyaların artırılması ilə bağlı iddialarını təmin edib.









