İraq Kürdüstan Regional Administrasiyasının Baş naziri Məsrur Bərzaninin şəxsi ofisinə, həmçinin kəşfiyyat xidmətinin rəhbərinin Ərbildə yerləşən iqamətgahına zərbələr endirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə yerli KİV-in yaydığı açıqlamada bildirilib.
Məlumata görə, hücum İran tərəfdən buraxıldığı bildirilən iki kamikadze PUA ilə həyata keçirilib.
Hadisə yerli vaxtla saat 00:28-də Səlahəddin məhəlləsində baş verib. Bildirilib ki, hücum zamanı partlayıcı maddələrlə təchiz edilmiş Hadid-110 tipli PUA-lardan istifadə olunub.
Zərbə nəticəsində ölən və yaralanan olmayıb.
KRAİ Terrorla Mübarizə Bölməsi hücumu kəskin şəkildə pisləyib və bu cür addımların qəbuledilməz olduğunu bildirib.
Açıqlamada vurğulanıb ki, hadisəyə görə bütün məsuliyyət və mümkün nəticələr hücumu həyata keçirənlərin üzərinə düşür.
Kürdüstan muxtariyyətinin Baş naziri Məsrur Bərzani də hücumu pisləyib. O, sosial şəbəkə hesabında yayımladığı açıqlamada baş verənləri “təhlükəli eskalasiya” adlandırıb və hadisənin regionun təhlükəsizliyi və sabitliyi üçün birbaşa təhdid yaratdığını bildirib.
İran rəsmiləri isə hələlik hadisə ilə bağlı açıqlama verməyib.










