Peşə təhsilində boş qalan yerlər üçün qəbul başlayır

  • Müəllif: Firuzə
  • 27 Avqust 2026 11:07

27 avqust tarixindən etibarən 2026/2027-cı tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun II mərhələsinə start verilir.

Bu barədə Gununsesi.info-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, II mərhələdə müraciətçilər www.portal.edu.az platforması üzərindən elektron formada müraciət edə bilərlər. Boş qalan yerlərə sənəd qəbulu 3 sentyabr saat 18:00-dək davam edəcək. Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər. 2026/2027-ci tədris ili üzrə tələbə qəbulunun II mərhələsi 69 peşə təhsili müəssisəsində 149 ixtisas olmaqla 12766 plan yeri üzrə aparılacaq. Plan yerlərindən 7647-si dövlət vəsaiti hesabınadır.

Həmçinin peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır.

Peşə təhsil müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.

Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərini təqdim etmək üçün müraciət etməlidirlər.

Məlumat üçün bildiririk ki, peşə təhsil müəssisələrinə tələbə qəbulunun I mərhələsi 23 iyul – 10 avqust tarixlərində 78 peşə təhsili müəssisəsində 149 ixtisas olmaqla 33120 plan yeri üzrə aparılıb. Peşə təhsil müəssisələrinə qəbul olan namizədlərdən 18084 nəfəri sənədlərini qəbul olunduqları təhsil müəssisəsinə təqdim ediblər.

Gununsesi.info