“Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərə müraciət edib.
Gununsesi.info-nun xəbərinə görə, müraciətdə deyilir:
Səyahət planları hər zaman gözlənildiyi kimi davam etməyə bilər. Hava şəraiti, texniki, əməliyyat və digər səbəblər uçuş vaxtının dəyişməsinə, reysin gecikməsinə və ya ləğvinə səbəb ola bilər. Bu hallar sərnişinlərin planlarına təsir etdiyi kimi, aviaşirkət üçün də arzuolunmazdır. Belə vəziyyətlərdə əsas məqsəd sərnişinləri dəyişikliklər barədə mümkün qədər operativ məlumatlandırmaq və səfərin davam etdirilməsi üçün zəruri dəstəyi göstərməkdir.
Uçuşunuzda dəyişiklik baş verərsə, doğru məlumat mənbələrini, hansı xidmətlərdən yararlana biləcəyinizi və müxtəlif hallarda diqqət yetirilməli vacib məqamları bir araya topladıq.
Hava limanına vaxtında gəlin
Uçuşunuzun gecikdiyini əvvəlcədən öyrənmisinizsə, bu, qeydiyyat vaxtının da avtomatik olaraq dəyişdiyi demək deyil. Aviaşirkət tərəfindən fərqli məlumat verilmədiyi halda, ilkin uçuş vaxtını nəzərə alaraq hava limanına gəlmək və qeydiyyat prosedurlarını vaxtında tamamlamaq vacibdir.
Azərbaycan Hava Yolları sərnişinlərə hava limanına uçuşdan ən azı 3 saat əvvəl gəlməyi tövsiyə edir. Bu, qeydiyyat, baqajın təhvili, təhlükəsizlik və digər uçuşöncəsi prosedurların rahat şəkildə tamamlanması üçün kifayət qədər vaxt ayırmağa, eyni zamanda uçuşla bağlı son məlumatları vaxtında əldə etməyə imkan verir.
Uçuş məlumatlarını mütəmadi izləyin
Uçuşunuzun aktual statusunu azal.az internet səhifəsi və AZAL mobil tətbiqindən, elektron poçt ünvanınızdan, hava limanındakı məlumat ekranlarından və səsləndirilən elanlardan izləyə bilərsiniz. Əlavə məlumat üçün Azərbaycan Hava Yollarının hava limanındakı nümayəndələrinə və məlumat masalarına müraciət etmək mümkündür.
Xüsusilə hava limanına yola düşməzdən əvvəl və gözləmə müddətində uçuş statusunu yenidən yoxlamaq son dəyişikliklərdən vaxtında xəbərdar olmağa kömək edir.
Dəyişiklik barədə sizə necə məlumat verilir?
Uçuş vaxtında dəyişiklik baş verdikdə sərnişinlə əlaqə yaratmaq üçün bron zamanı qeyd olunan məlumatlardan istifadə edilir. Dəyişikliklərlə bağlı bildirişlər mobil nömrənizə SMS və WhatsApp, həmçinin elektron poçt ünvanınıza e-mail vasitəsilə göndərilə bilər.
Bu səbəbdən bilet alarkən mobil nömrənizin və elektron poçt ünvanınızın düzgün qeyd olunmasına diqqət yetirin. Bilet agentlik vasitəsilə alınıbsa, bronunuzda məhz sizin əlaqə məlumatlarınızın göstərildiyini dəqiqləşdirmək də faydalıdır. Uçuşla bağlı dəyişiklik yarandıqda bilet üzrə mövcud imkanlar haqqında agentlikdən də məlumat əldə edə bilərsiniz.
Həmçinin uçuşunuzun statusu və ya baş vermiş dəyişikliklə bağlı əlavə məlumata ehtiyacınız olduqda Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq həmin anda mövcud olan məlumatları əldə edə bilərsiniz.
Reysiniz gecikirsə, hansı xidmətlərdən yararlana bilərsiniz?
Gecikmənin müddətindən asılı olaraq sərnişinlər üçün müxtəlif xidmətlər ödənişsiz təşkil olunur:
· 7 yaşına qədər uşağı olan sərnişinlər
Ana və uşaq otağından istifadə edə bilərlər.
· 2 saatdan çox gecikmə
Sərinləşdirici içkilər təqdim olunur, həmçinin 2 telefon zəngi etmək və ya 2 elektron məktub göndərmək imkanı yaradılır.
· 5 saatdan çox gecikmə
İsti yemək təqdim olunur. Gecikmə davam etdikdə isti yemək gündüz hər 6 saatdan, gecə isə hər 8 saatdan bir verilir.
· 8 saatdan çox gecikmə
Mehmanxanada yerləşdirmə, hava limanından mehmanxanaya və geriyə transfer, həmçinin baqajın saxlanılması təşkil olunur.
Reysin gecikdiyi inzibati ərazidə daimi yaşayan sərnişinlər mehmanxana ilə təmin olunmurlar. Təqdim olunan xidmətlər gecikmənin səbəbindən və tətbiq olunan daşıma qaydalarından asılı olaraq dəyişə bilər.
Gecikmə zamanı təqdim olunan yuxarıdakı xidmət və təminatlar beynəlxalq uçuşlar üçün nəzərdə tutulur.












