Qluksmanın prezident seçilməsi Azərbaycan üçün risk yarada bilər – Politoloq

“Güney Qafqaz regionu ilə əlaqədar məsələlərdə Ermənistanı daim müdafiə etməsi (ona görə də Azərbaycanın siyasi leksikonunda “ermənipərəst” imici qazanıb) və Azərbaycan hakimiyyətinə qarşı sərt mövqeyi ilə fərqlənir. Burada maraqlı cəhət ondan ibarətdir ki, Qluksman Rusiya, Türkiyə və Azərbaycanı eyni müstəvidə görür, bu 3 dövləti Ermənistana qarşı fəaliyyət göstərən avtoritar qüvvələr kimi təqdim edir”.

Gununsesi.info  bildirir ki, bu fikirləri politoloq Qulamhüseyn Əlibəyli deyib:

“2020-ci ildən sonra Qluksman Avropa parlamentində Azərbaycana qarşı bir sıra tədbirlərin və qətnamələrin təşkilatçıları və iştirakçıları sırasında yer alıb. 2022-ci ilin fevralında Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsində “Azərbaycanda insan hüquqları pozuntuları və Bakının Aİ-nin siyasətinə müdaxiləsi” mövzusunda, xaricdəki söyüş müxalifətinin bir neçə nümayəndəsinin iştirakı ilə müzakirə keçirir. Mart ayında isə “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qətnamənin təşkilatçılarından biri olur.

Onun Azərbaycana qarşı daha sərt çıxışı 2024-cü ilin fevralında Avropa Parlamentində “Aİ ilə Ermənistan arasında daha sıx əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” mövzusunda debatlar zamanı olub. Bu çıxışda Qluksman Qarabağda ermənilərin “etnik təmizlənmə”sindən, təhlükənin artıq bütün Ermənistana, onun azadlığına və suverenliyinə yönəlməsindən, Azərbaycan hakimiyyətinin guya Ermənistanın ərazi bütövlüyünü tanımaqdan imtina etməsi və Ermənistanı hücumla hədələməsindən, Ermənistan ərazisinin bir hissəsinin artıq Azərbaycan ordusunun nəzarətində olmasından və Azərbaycanın Ermənistanın cənubunu işğal etmək təhlükəsi yaratmasından, Azərbaycan, Rusiya və Türkiyənin guya Ermənistan sabitliyi pozmağa çalışmasaından danışır, Laçın dəhlizində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin aksiyasını “bəşəriyyətə qarşı cinayət” kimi xarakterizə edir və s. Mahiyyət etibarilə hadisələrin erməni interperasiyasına uyğun olan bu çıxış Qluksmanın gələcəkdə prezident seçilərsə, Güney Qafqaz siyasətinin əsas istiqamətlərinin necə olacağı haqqında təsəvvür yaradır.

Bir məsələni də qeyd etmək yerinə düşər ki, ümumilikdə Fransanın dövlət maşını ənənəvi olaraq Ermənistanla daha da yaxınlaşmaq, Türkiyəyə və Azərbaycana münasibətdə isə daha sərt və təzyiq mövqeyindən çıxış edir”.

Qulamhüseyn Əlibəyli vurğulayıb ki, bütün bunları nəzərə alaraq Qluksmanın prezident seçkilərində namizəd kimi iştirak etməsi və qalib gəlməsi nəzəri cəhətdən mümkün, praktiki baxımdan isə real ehtimaldır:

“Prezident seçiləcəyi halda Fransa daxili siyasətdə, xüsusən dövlətin iqtisadi siyasətində ciddi dəyişikliklərin olacağını gözləmək olar. Lakin xarici siyasətdə, o cümlədən Fransanın Güney Qafqaz siyasətində əsaslı dəyişikliklərin olacağı ehtimalı azdır. Əksinə, Qluksmanın prezident seçilməsi Azərbaycan üçün müəyyən risklər daşıyır: siyasi ritorika və diplomatik təzyiq daha da sərtləşə bilər.

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Qluksmanın ən mühüm siyasi xüsusiyyətlərindən biri Rusiyaya qarşı çox sərt mövqeyidir. Bu baxımdan, Rusiya ilə qarşıdurmanın davam etdiyi dövrdə Fransa üçün bütövlükdə Güney Qafqazın, xüsusən də Azərbaycanın geosiyasi çəkisi azalmaq əvəzinə artır.

Ona görə də bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolunu, ölkəmizin Avropaya gedən nəqliyyat kommunikasiya xətlərinin qovşağında yerləşməsini və geosiyasi çəkisini getdikcə artırmasını nəzərə alsaq, bu sərtləşmənin Azərbaycan üçün ciddi neqativ nəticələrə gətirib çıxaracağını güman etmirəm”.

 

 

Şəbnəm

Gununsesi.info