Tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Sevil Gültən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu ilə ötən ilin yanvarında baş tutmuş görüşü barədə fikirlərini bildirib.
Gununsesi.info-nun xəbərinə görə, Sevil Gültən bildirib ki, görüş zamanı növbəsi sonuncular arasında olub və o, otağa daxil olduğu vaxt Polad Bülbüloğlu artıq çıxmaq üzrə imiş:
“Bir az əsəbi halda gedib oturdu. AYB üzvü olduğumu, həm ingilis dilindən Azərbaycan dilinə, həm də Azərbaycan dilindən ingilis dilinə çoxlu kitablar tərcümə etdiyimi bildirdim. Dedim ki, heç bir fəxri adım yoxdur, dövlət əməyimi qiymətləndirməyib”.
Tərcüməçinin sözlərinə görə, Polad Bülbüloğlu ona gözləmədiyi bir sual verib:
“Başını yuxarı qaldırıb üzümə baxdı, sual verdi: “AYB-dən nə qədər maaş alırsınız?”Təəccübləndim. Yəni Mədəniyyət Komitəsinin sədri olan bir insan ən adi şeyi bilmir?
“AYB üzvlərinə maaş vermirlər”,- dedim. Hiss etdim ki, sözümə inanmadı”.
Sevil Gültən görüş zamanı tərcümə etdiyi kitabların siyahısını da komitə sədrinə təqdim etdiyini qeyd edib.
Onun sözlərinə görə, Polad Bülbüloğlu siyahını gözlərinə yaxınlaşdırsa da, oxuya bilməyib.
Tərcüməçi daha sonra yaş məsələsinə toxunaraq qeyd edib ki, insanın pensiya yaşına çatdığı üçün avtomatik olaraq işdən uzaqlaşdırılmasının əleyhinədir:
“Mən insanın pensiya yaşına çatan kimi işdən çıxarılmasının əleyhinəyəm. Amma insanın sağlamlığı imkan vermirsə, özü işdən uzaqlaşmalıdır”.
Sevil Gültən hesab edir ki, daha gənc bir şəxs həmin vəzifədə olsaydı, onun təqdim etdiyi siyahını ayrıca çap etdirməyə ehtiyac qalmazdı:
“Onun yerində 40-50 yaşlı insan olsaydı, heç siyahını print etdirib ona verməyimə ehtiyac olmazdı, internetdə axtarış edib özü tərcümələrimlə maraqlanardı”.
Elmar
Gununsesi.info












