Avqustun 31-dən sentyabrın 1-dək Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illik yubiley sammiti keçiriləcək.
Gununsesi.info-nun xəbərinə görə, sammitdə 17 dövlətin liderinin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı gözlənilir.
Tədbirdə ŞƏT-ə üzv və tərəfdaş ölkələrin rəhbərləri ilə yanaşı, BMT-nin Baş katibi Antonio Quterreş, MDB və KTMT nümayəndələri də iştirak edəcəklər.
“ŞƏT+” formatında keçiriləcək görüşlərdə regional təhlükəsizlik, beynəlxalq hüquq, nəqliyyat dəhlizləri və rəqəmsal əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Sammitin yekununda ŞƏT-in 25 illiyi ilə bağlı ortaq bəyannamənin qəbul ediləcəyi gözlənilir.
Politoloq Turan Rzayev ŞƏT-in genişlənən coğrafiyasının və artan geosiyasi əhəmiyyətinin Azərbaycanın təşkilata marağını artırdığını bildirib.
Onun sözlərinə görə, 2001-ci ildə altı ölkənin iştirakı ilə yaradılan ŞƏT bu gün Avrasiyanın böyük hissəsini əhatə edən mühüm siyasi, iqtisadi və təhlükəsizlik platformasına çevrilib. Təşkilata sonrakı illərdə Hindistan, Pakistan, İran və Belarus kimi ölkələrin qoşulması onun geosiyasi çəkisini daha da artırıb.
Rzayev Azərbaycanın da ŞƏT-lə münasibətlərinin mərhələli şəkildə inkişaf etdiyini qeyd edib. Azərbaycan 2016-cı ildə təşkilatın dialoq tərəfdaşı statusunu əldə edib, sonrakı illərdə isə ŞƏT sammitlərində fəxri qonaq qismində iştirak edib. 2025-ci ildə təşkilat daxilində statusların yenilənməsi ilə Azərbaycanın ŞƏT-dəki statusu “tərəfdaş” olaraq müəyyənləşib.
Politoloq hesab edir ki, Azərbaycanın ŞƏT üçün əsas üstünlüklərindən biri onun coğrafi mövqeyidir.
“Azərbaycanın ən böyük üstünlüyü, şübhəsiz, coğrafiyasıdır. Bakı son illərdə regionda ciddi infrastruktur qurub. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ölkə ərazisindən keçməsi, Bakı və Ələt limanları, dəmir yolu infrastrukturu, Bakı-Tbilisi-Qars xətti və Xəzər üzərindən daşımaların genişləndirilməsi Azərbaycanın tranzit potensialını real iqtisadi resursa çevirib”, – deyə o vurğulayıb.
Rzayevin fikrincə, xüsusilə Orta Dəhlizin inkişafı Azərbaycanı Çin və Mərkəzi Asiyadan Avropaya uzanan yeni nəqliyyat marşrutlarında mühüm halqaya çevirir.
“Çin və Mərkəzi Asiyadan Qərbə çıxan yüklərin alternativ marşrutlara ehtiyac duyduğu bir vaxtda Azərbaycan bu marşrutların üzərində yerləşən strateji ölkədir. Azərbaycan həm də həmin marşrutların işləməsi üçün zəruri infrastruktura sahibdir”, – politoloq qeyd edib.
O bildirib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində də son illərdə ciddi dinamika müşahidə olunur. Enerji, nəqliyyat, investisiya, logistika və rəqəmsal bağlantılar Bakı ilə region dövlətləri arasında yeni əməkdaşlıq modelinin əsas istiqamətlərinə çevrilir.
Orxan












