Rusiya ilə Türkiyə arasında irimiqyaslı enerji layihələri üzrə əməkdaşlıq davam edir. Bu layihələrin əsas istiqamətlərindən biri “Akkuyu” atom elektrik stansiyasının (AES) tikintisidir.
Gununsesi.info xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə iki ölkə arasında həyata keçirilən böyük layihələrə toxunub.
Putin bildirib ki, Moskva və Ankara arasında genişmiqyaslı birgə layihələrin icrası davam edir. O, bu layihələr sırasında “Akkuyu” AES-i xüsusi qeyd edib.
Rusiya lideri Türkiyənin həm siyasi, həm də iqtisadi müstəvidə Rusiyanın mühüm tərəfdaşlarından biri olduğunu vurğulayıb.
Ərdoğan isə Rusiya-Türkiyə münasibətlərinin hazırda ən yüksək səviyyədə olduğunu bildirib. Türkiyə Prezidenti “Akkuyu” AES-də tikinti işlərinin son mərhələyə çatdığını diqqətə çatdıraraq, stansiyanın Putinlə birlikdə istifadəyə verilməsini təklif edib.
Putin öz növbəsində “Rosatom”un 2026-cı il ərzində AES-in ilk enerji blokunu işə salacağına əminliyini ifadə edib.
Ərdoğan qeyd edib ki, “Akkuyu”nun açılışı ilə yanaşı, gələcəkdə yeni atom elektrik stansiyalarının yaradılması istiqamətində də əməkdaşlığın genişləndirilməsi planlaşdırılır. Onun sözlərinə görə, bu istiqamətdə artıq hazırlıq işləri aparılır.
Qeyd edək ki, Rusiya, Türkiyə və digər region ölkələrinin liderləri Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekdə səfərdədir.










