Azərbaycan Dillər Universitetinin (ADU) professoru, filologiya elmləri doktoru Nigar Vəliyevanın “English Lexicology” – “İngilis dilinin leksikologiyası” adlı dərsliyi nəşr olunub.
Gununsesi.info xəbər verir ki, “Elm və Təhsil” nəşriyyatında çap olunmuş dərsliyin rəyçiləri professorlar Fərman Zeynalov və Azad Məmmədovdur.
Kitab ingilis dili leksikologiyası üzrə mühazirələr silsiləsi əsasında hazırlanıb. Dərs vəsaiti ADU-nun ingilis dili və ya dilçilik ixtisası üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulub. Dərsliyin əsas məqsədi tələbələri maraqlandıran mövzular üzrə gələcək tədqiqatlar aparmağa hazırlamaq üçün ingilis dili leksikologiyası sahəsindəki təməl bilikləri təqdim etməkdən ibarətdir.
Nəşrdə söz nəzəriyyəsi və ingilis dili leksikasının əsas problemləri ilə bağlı nəzəri məlumatlar, mühüm anlayışların izahı, mühazirə materialları, seminar sualları, praktiki tapşırıqlar, çalışmalar və aralıq testlər yer alıb. Kitabda, həmçinin tələbə və magistrantların müstəqil işi üçün elmi mövzuların siyahısı təqdim olunub.
Nəşr ön söz, 24 fəsil, xülasə, biblioqrafiya, özünü yoxlamaq üçün test və suallar, terminlər lüğəti, tapşırıqlar və onların cavablarından ibarətdir.
Kitabda sözün quruluşu və yaranması, ingilis dili leksikasının etimoloji və üslubi xüsusiyyətləri, semasiologiya, semantik dəyişikliklər, sözlərin semantik transformasiyası və qrupları, polisemiya, sərbəst və sabit birləşmələr, frazeologiya, leksikoqrafiya, standart və qeyri-standart ingilis dili, linqvistik təhlil üsulları, süni intellekt və linqvistik süni intellekt, mədəniyyətlərarası kommunikasiya kimi mövzular əhatə olunub.
Dərslik ingilis dili müəllimləri, dilçi alimlər, ali məktəb tələbələri, doktorantlar və leksikologiya, üslubiyyat, dil tarixi, sosial linqvistika və digər əlaqəli sahələr üzrə araşdırma aparan mütəxəssislər üçün nəzərdə tutulub.
Professor Nigar Vəliyeva 2011-ci ildən Avropa Linqvistik Cəmiyyətinin, 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, 270-dən çox elmi işin, 25 monoqrafiyanın müəllifidir. Onun elmi əsərləri İngiltərə, ABŞ, Kanada, Braziliya, Polşa, Rumıniya, Serbiya, Fransa, Rusiya və digər ölkələrdə, eləcə də Azərbaycanın müxtəlif beynəlxalq elmi jurnallarında çap olunub.












