Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri davam edir. Cəmi altı il ərzində həyata keçirilən bu proses böyük maliyyə, insan və təşkilati resurslar tələb edir. Bununla yanaşı, ərazilərin minalarla çirkləndirilməsi qarşıda duran ən ciddi problemlərdən biri olaraq qalır.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzində çıxışı zamanı deyib.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan Qarabağda bərpa prosesinə olduqca mürəkkəb şəraitdə başlayıb.
Onun sözlərinə görə, ölkə bu ərazilərin yenidən qurulmasına “sıfırdan deyil, mənfi beşdən” başlayıb. Hazırda isə görülən işlərin miqyası Azərbaycanın qarşıya qoyduğu məqsədlərə sadiqliyini nümayiş etdirir.
Prezidentin köməkçisi qeyd edib ki, mina təhlükəsi həm insanların təhlükəsizliyinə, həm də quruculuq işlərinin sürətinə ciddi təsir göstərir.
O, Xankəndiyə səfər zamanı daha bir mina insidenti barədə məlumat aldıqlarını, hadisə nəticəsində bir mülki şəxsin xəsarət aldığını diqqətə çatdırıb.
H.Hacıyev vurğulayıb ki, belə hadisələr bərpa və yenidənqurma prosesini çətinləşdirsə də, Azərbaycanı bu işlərdən geri çəkilməyə məcbur edə bilməz. Əsas məqsəd işğaldan azad olunmuş ərazilərin mümkün qədər qısa müddətdə bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz, layiqli və davamlı qayıdışının təmin edilməsidir.
Elmar










