Natiq Cəfərli: “Qulaqların kəsilib, sonra sayılması davam edir”

  • Müəllif: Orxan
  • 25 Sentyabr 2026 12:34

İqtisadçı Natiq Cəfərli bank kartları ilə bağlı tətbiq olunan məhdudiyyətləri tənqid edib.

Gununsesi.info–nun xəbərinə görə, Cəfərli bildirib ki, iqtisadi məsələlərdə əvvəlcə problemin səbəbləri araşdırılmalı, daha sonra həll yolları müzakirə edilməli və yalnız bundan sonra qərar qəbul olunmalıdır.

“Qulaqların kəsilib, sonra sayılması davam edir. Hətta bu, artıq idarəetmə normasına çevrilib”, – deyə iqtisadçı yazıb.

Onun sözlərinə görə, bir müddət əvvəl “card to card” köçürmələri ilə bağlı məhdudiyyətlərin tətbiqi də bu yanaşmanın nümunəsidir.

Cəfərli həmin vaxt qərarın mənasız olduğunu bildirdiyini və insanların bir kart əvəzinə 5-6 kart açaraq məhdudiyyəti keçə biləcəyini qeyd edib.

İqtisadçı hesab edir ki, qərar qəbul edilməzdən əvvəl kiçik və orta sahibkarların niyə vergidən yayınmağa çalışdığı, nağdsız ödəniş infrastrukturunun niyə bahalı olduğu və POS-terminallardan istifadəyə görə sahibkarların üzləşdiyi xərclərin səbəbləri araşdırılmalı idi.

“Əvvəl ciddi müzakirə olmalı idi ki, kiçik-orta sahibkarlar niyə vergidən yayınmağa can atırlar, nədir onların problemi, niyə nağdsız ödənişlərlə bağlı infrastruktur bahalıdır, nə səbəbə POS-terminalların xidmət haqqı bizdə qonşu ölkələrdən 2-3 dəfə bahadır?! Niyə hər POS-terminal üçün aylıq haqq hardasa 20 manat, nağdsız ödənişlər zamanı sahibkardan tutulan xidmət haqqı isə 2 faiz civarında olmalıdır?! Axı bu da faktiki vergidir, xərcdir”, – deyə Cəfərli vurğulayıb.

O qeyd edib ki, ilkin məhdudiyyətlərin tətbiqindən sonra vətəndaşların həmin qaydaları keçmək üçün alternativ yollar tapması yeni qərarların qəbul edilməsinə gətirib çıxarıb:

“Tez-tələsik qərar verib bütün qulaqları kəsdilər, indi saymağa başlayanda anladılar ki, bizim vətəndaşlar hökumətdən daha kreativdir. İndi 1 yox, 5 kart alıb o mənasız məhdudiyyətdən yan keçə bilirlər”.

Cəfərli manatla hər bankdan yalnız bir kartın əldə edilməsinə dair yeni məhdudiyyətlə bağlı da mənfi fikirlərini bildirib.

“Bu da işlək olmayacaq, mənasız məhdudiyyətdir. Birincisi, bankların işinə müdaxilədir. İkincisi, indi öz adına 1 kart açacaqsa, qohum-əqrabası adına da yenə lazım olduğu qədər karta sahib olacaq. Vəssalam”, – deyə iqtisadçı yazıb.

İqtisadçı hesab edir ki, pul və ideyanın inzibati qadağalarla qarşısını almaq mümkün deyil.

“Hörmətli qərar verənlər, anlayın, bilin ki, dünyada iki məsələnin qarşısını inzibati və mənasız yolla, qadağalarla almaq mümkün deyil – pul və ideya. Hətta SSRİ belə bunu bacarmadı, nə pulun, nə ideyanın qarşısını ala bilmədi, siz də eyni səhv yolla gedirsiniz”, – deyə Cəfərli qeyd edib.

Onun fikrincə, idarəetmədə qərarların qəbul olunması prosesi əks istiqamətdə aparılır:

“Əvvəl problemi doğru təsbit edin, sonra həll yollarını müzakirə edin, lap sonda qərar verin. Tam tərsinə edirsiniz, müzakirəsiz qərar verirsiniz, sonra görürsünüz ki, işləmir, başlayırsınız daha səhv qərarlar verməyə”.

Cəfərli sonda həddindən artıq tənzimləmə, qadağalar, məhdudiyyətlər və yüksək xərclərin iqtisadi fəallığa mənfi təsir göstərə biləcəyini bildirib:

“Olmaz belə, iqtisadiyyatı boğursunuz. Aşırı tənzimləmə, qadağa, məhdudiyyətlər, yüksək vergilər, əlavə qeyri-qanuni və qanuni xərclər – bütün bunlar zatən zəifləmiş iqtisadiyyatı daha da batırır. Görmürsünüz bunu?!”

Elmar

Gununsesi.info