“Azərbaycanda bələdiyyələrin mövcud səlahiyyətləri onların qarşısında duran vəzifələri tam şəkildə yerinə yetirməsinə imkan vermir”.
Bunu Gununsesi.info-ya açıqlamasında Sosial Hüquqların Müdafiəsi Mərkəzi İctimai Birliyinin sədri Xəzər Teyyublu deyib.

Onun sözlərinə görə, bələdiyyələr əmlak və torpaq vergisi toplasalar da, bu vəsaitlərin hesabına əhəmiyyətli yerli layihələrin həyata keçirilməsi üçün imkanları məhduddur.
Onun fikrincə, bələdiyyələr bir çox hallarda müstəqil yerli idarəetmə qurumu kimi deyil, icra strukturlarının əlavəsi kimi qəbul olunur:
“Yerli özünüidarəetmənin gücləndirilməsi üçün bələdiyyələrin səlahiyyətləri və maliyyə imkanları artırılmalıdır. Xüsusilə şəhərsalma, tikinti və quruculuq məsələlərində bələdiyyələrin rolu genişləndirilməlidir. Bələdiyyələrə şəhərsalmanı, tikinti və quruculuq işlərini bilən, bu sahələrdə peşəkar təcrübəyə malik insanlar cəlb olunmalıdır”.
Onun sözlərinə görə, peşəkar kadrların bələdiyyə sisteminə cəlb edilməsi yerli problemlərin daha çevik həllinə şərait yarada bilər. QHT sədri hesab edir ki, bələdiyyələrin fəaliyyətində şəffaflıq və hesabatlılıq prinsipləri də gücləndirilməlidir.
“Əhali ilə bələdiyyələr arasında əlaqələrin dərinləşdirilməsi yerli özünüidarənin səmərəliliyini artıra bilər. İnsanlar yaşadıqları ərazidə bələdiyyənin hansı işləri gördüyünü, toplanan vergilərin hara xərcləndiyini bilməlidirlər. Vətəndaşların qərarların qəbulunda iştirak imkanlarının genişləndirilməsi bələdiyyələrə ictimai etimadı da artıra bilər. Xəzər Teyyublu hesab edir ki, güclü bələdiyyə sistemi yerli problemlərin həllində dövlət qurumlarının yükünü də azalda bilər”.
Şəbnəm












