Sosial şəbəkələrdə və digər platformalarda azyaşlıların foto və videogörüntülərinin paylaşılması geniş yayılıb.
Bəs uşağın şəkli valideynin və ya qanuni nümayəndəsinin razılığı olmadan yayıla bilərmi?
Gununsesi.info-nun xəbərinə görə, mövzu ilə bağlı açıqlama verən hüquqşünas Şamil Paşayev bildirib ki, ümumi qayda olaraq, yetkinlik yaşına çatmayan şəxslərin foto və digər şəxsi məlumatları xüsusi hüquqi müdafiə altındadır.
Onun sözlərinə görə, uşağın şəkli onun şəxsiyyətini müəyyən etməyə imkan verən şəxsi məlumat hesab oluna bilər və bu məlumatın paylaşılması zamanı valideynin və ya qanuni nümayəndənin razılığı mühüm əhəmiyyət daşıyır.
Şamil Paşayev qeyd edib ki, bəzi istisna hallar mövcuddur. Məsələn, qanunla nəzərdə tutulmuş ictimai maraq, hüquq-mühafizə tədbirləri və ya digər xüsusi əsaslar olduqda müəyyən məlumatların paylaşılması mümkün ola bilər. Lakin adi hallarda sosial şəbəkələrdə və ya reklam məqsədilə uşağın görüntüsünün icazəsiz yayılması hüquqi mübahisəyə səbəb ola bilər.
Hüquqşünas əlavə edib ki, belə hallarda şəxsi həyatın toxunulmazlığı və şəxsi məlumatların qorunması ilə bağlı qanunvericiliyin tələbləri nəzərə alınmalıdır.
Orxan












