“TRİP marşrutu Vətən müharibəsinin yaratdığı reallıqdır”

“Paşinyanın siyasətini və hazırkı Ermənistanın mövqeyini biz reallıqdan çıxış edərək qiymətləndirməliyik. Ermənistan öz xoş niyyəti ilə bugünkü vəziyyətə gəlib çatmayıb. Ermənistandan asılı olmayaraq, istər Paşinyan olsun, istərsə də başqa biri, onlar torpaqlarımızın daim işğal altında saxlanılmasının tərəfdarı olardılar”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında deputat Tural Gəncəliyev deyib:

“TRİP marşrutu haqqında bu gün hamı danışır. ABŞ və Ermənistan arasında müvafiq razılaşmalar əldə olunub, yolun həyata keçirilməsi ilə bağlı məsələlər müəyyənləşdirilir və danışıqlar aparılır.

Əgər Ermənistan Azərbaycanın torpaqlarından çıxarılmasaydı, yəni biz Vətən müharibəsində qələbə qazanmasaydıq, bu gün TRİP marşrutunun həyata keçirilməsi və hazırlanması istiqamətində heç bir danışıq aparılmayacaqdı, belə bir mövzu da gündəmdə olmayacaqdı.

Yəni, biz Vətən müharibəsində qələbə qazanmaqla çox böyük reallıqlar yaratdıq. Bu reallıqlar iqtisadiyyat, ticarət, təhlükəsizlik və geosiyasət baxımından çox böyük əhəmiyyət daşıyır.

Həmçinin beynəlxalq hüquqa inanmayan dünya xalqları üçün də bir ümid yaratdıq. Çünki heç kim inanmırdı ki, XXI əsrdə torpaqları işğaldan azad etmək mümkündür. Hamı düşünürdü ki, BMT-nin qətnamələri uzun illər ərzində icra edilməmiş olaraq qalacaq. Amma biz bunun əksini sübut etdik”.

 

Şəbnəm

Gununsesi.info