Ləğv olunmuş Vətəndaş və İnkişaf Partiyasının (VİP) keçmiş sədri Əli Əliyevin Azərbaycan hökumətinə qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) verdiyi şikayət üzrə dostcasına barışıq əldə olunub.
Gununsesi.info xəbər verir ki, barışıq sazişinə əsasən, Azərbaycan hökuməti Əli Əliyevə ümumilikdə 5 200 avro kompensasiya ödəməyi öhdəsinə götürüb.
Şikayət Əli Əliyevin Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddətdə kamerasında olan Zabit Nəzərova xəsarət yetirməkdə ittiham olunması ilə bağlı olub. O, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə — xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirləndirilib.
Sabunçu Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli hökmü ilə Əli Əliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Müdafiə tərəfi isə ittihamın qondarma olduğunu və həbs müddətinin uzadılmasına xidmət etdiyini bildirib.
Əli Əliyev AİHM-ə şikayətində Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) və 18-ci maddəsinin (hüquqlara qoyulan məhdudiyyətlərdən nəzərdə tutulmayan məqsədlərlə istifadə edilməsi) pozulduğunu iddia edib.
Tərəflər arasında dostcasına barışıq sazişi AİHM-in işi kommunikasiya etməsindən, yəni şikayətlə bağlı Azərbaycan hökumətindən mövqeyini bildirməsini istəməsindən sonra əldə olunub.
Sazişə əsasən, hökumət Əli Əliyevə mənəvi zərərə görə 4 700 avro, məhkəmə xərclərinə görə isə 500 avro ödəyəcək. Bununla yanaşı, Əli Əliyev həmin işlə bağlı Azərbaycan hökumətinə qarşı digər iddialarından imtina edib.












