“İranla bağlı məsələ birmənalı deyil. Bir tərəfdən, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə İran Prezidenti cənab Pezeşkian arasında dostluğa və qarşılıqlı hörmətə əsaslanan münasibətləri görürük və bunu təqdir edirik. Eyni kökdən olan soydaşımızın İrana prezidentlik etməsi bizi bir qədər də qürurlandırır. Hazırkı müharibə şəraitində Pezeşkianın düşdüyü çətin vəziyyətə görə hətta narahatlıq hissi keçiririk. Qısa desək, Azərbaycan Prezidentinin İranla bağlı siyasəti dostluğa və qarşılıqlı maraqlara, habelə bir-birimizin daxili işlərinə müdaxilə etməməyə hədəflənib”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Ayaz Quliyev deyib:
“Lakin digər tərəfdən, başqa bir reallıqla da üz-üzəyik. Belə ki, İranın bəlli dairələri tərəfindən ölkəmizə qarşı davamlı informasiya müharibəsinin aparılmasının, təxribatların törədilməsinin və hədələrin səsləndirilməsinin şahidi oluruq. İranın dövlət radio və televiziya qurumunun tərkib hissəsi olan “Səhər TV” kanalı bu təxribatların əsas ruporuna çevrilib. Hazırda bu təxribatçı dairələr var gücləri ilə Azərbaycana qarşı yalan və qarayaxma kampaniyasını şiddətləndirirlər.
Məsələn, bu dairələr məktəblərdə vahid formanın tətbiqi və bununla da təhsil ocaqlarında bütün növ ayrı-seçkiliyin aradan qaldirilması ilə bağlı məsələni tamamilə kontekstdən çıxararaq qəsdən təhrif etməyə, insanlar arasında süni gərginlik və narazılıq yaratmağa, hətta panikaya səbəb olmağa çalışırlar.
Eyni zamanda, İran parlamentinin bəzi üzvləri və SEPAH generalları mütəmadi olaraq ölkəmizə qarşı əsassız ittihamlar səsləndirir və hədyanlar yağdırırlar.
Əlbəttə, bütün bu əsassız hücumları indiyə qədər qətiyyətlə rədd etmişik və bundan sonra da rədd edəcəyik.
Onu da nəzərə almalıyıq ki, sosial şəbəkələr vasitəsilə ictimai rəyə təsir göstərmək cəhdləri yalnız informasiya məsələsi deyil, həm də milli təhlükəsizlik, cəmiyyətin etimadı və dövlətin informasiya suverenliyi ilə bağlı məsələdir”.
Deputat hesab edir ki, bu cür informasiya təxribatlarına və ya hibrid müharibəyə qarşı mübarizə kifayət qədər ciddi yanaşma tələb edir:
“Müasir dövrdə sosial şəbəkələr vasitəsilə ictimai rəyə təsir göstərmək, cəmiyyətdə süni narazılıq yaratmaq və ölkənin daxili məsələlərinə kənardan müdaxilə etmək cəhdlərinə qarşı təkcə dövlət olaraq deyil, bütövlükdə cəmiyyət olaraq mübarizə aparmalıyıq.
Bir faktı da diqqətə çatdırmaq istərdim ki, İranda adını çəkdiyim dairələr dini, milli və siyasi həssaslıqlardan sui-istifadə edərək cəmiyyət daxilində parçalanma yaratmağa cəhd edirlər. Bu gün məktəblərin birində İrana bağlı adamların dini şüarlar səsləndirməsi, məktəbin qapı-pəncərələrinin sındırılması dediklərimə əyani sübutdur.
Ən təhlükəlisi isə bu təxribatçı dairələrin dövlət institutlarına inamı zəiflətmək və Azərbaycanın müstəqil daxili və xarici siyasətinə qarşı mənfi ictimai münasibət formalaşdırmaq üçün dəridən-qabıqdan çıxmalarıdır.
Regionda hazırkı gərginlik və müharibələr fonunda bu cür kampaniyalar daha da intensivləşə və süni informasiya gündəliyi yarada bilər.
Hesab edirəm ki, bu təhdidlərə qarşı mübarizə yalnız təhlükəsizlik tədbirləri ilə məhdudlaşmamalıdır.
Dövlət qurumları, media, rəqəmsal platformalar və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq gücləndirilməlidir. Sosial şəbəkə istifadəçiləri də bu cür təxribat xarakterli paylaşımları vaxtında ifşa etməli, onların yayılmasının qarşısını almağa çalışmalıdırlar.
Bütün bunlarla yanaşı, onu da xüsusi qeyd etmək istərdim ki, Azərbaycan dövləti və xalqı indiyə qədər olmadığı qədər güclü və müstəqildir. Heç kim bizim suverenliyimizi və siyasi müstəqilliyimizi sorğulaya, daxili işlərimizə müdaxilə edə bilməz”.
Ayaz Quliyev onu da əlavə edib ki, Azərbaycanın daxili işlərinə xarici müdaxilə cəhdlərinin qarşısının alınması üçün kompleks mübarizə və sistemli yanaşma mövcuddur:
“Məlum olduğu kimi, biz bu yaxınlarda qanunvericiliyi təkmilləşdirərək onlayn təhdidlərə qarşı effektiv mübarizə aparmaq üçün real mexanizmlər yaratmışıq.
İndi xarici dövlətlərin və ya onlarla əlaqəli strukturların koordinasiyalı informasiya əməliyyatları, saxta hesab şəbəkələri, süni intellekt vasitəsilə yaradılan saxta audio və video materiallar, eləcə də qanunsuz maliyyələşdirilən təsir kampaniyalarına qarşı hüquqi məsuliyyət daha dəqiq müəyyənləşdirilib.
Hüquq-mühafizə orqanları qanunvericilik çərçivəsində öz vəzifələrini yüksək səviyyədə icra edərək milli təhlükəsizliyimizi və ictimai-siyasi asayişi təmin edirlər. Bu baxımdan, hər şey qaydasındadır.
Lakin görüləcək ən vacib işlərdən biri kimi cəmiyyətin media savadlılığının artırılmasını xüsusi qeyd edə bilərəm.
Vətəndaşlar xəbərin mənbəyini yoxlamaq, manipulyativ başlıqları tanımaq, saxta görüntüləri müəyyən etmək bacarıqlarına yiyələnməlidirlər. Bu istiqamətdə məktəblərdə, universitetlərdə və media vasitəsilə sistemli maarifləndirmə proqramlarının həyata keçirilməsi vacibdir.
Xüsusilə uşaq və gənclərin rəqəmsal informasiya mühitində təhlükəsiz davranış bacarıqlarının inkişafına diqqət yetirilməlidir.
Digər bir istiqamət saxta hesabların və dezinformasiya məzmunlarının aşkarlanması ilə bərabər belə kampaniyaların təşkilatçılarının müəyyən edilməsi, onların maliyyələşmə mənbələrinin tapılmasıdır. Bu çox da asan məsələ deyil, lakin mümkündür.
Bu baxımdan beynəlxalq əməkdaşlıq da gücləndirilməlidir. Sosial şəbəkələrdəki təsir əməliyyatları çox vaxt müxtəlif ölkələrdən idarə olunan hesablar və transsərhəd texniki infrastruktur vasitəsilə həyata keçirilir. Buna görə də müvafiq beynəlxalq təşkilatlarla, tərəfdaş dövlətlərlə və rəqəmsal platformalarla məlumat mübadiləsinin artırılması vacibdir.
Mənim fikrimcə, əsas məqsəd yalnız xarici müdaxiləyə cavab vermək deyil, eyni zamanda Azərbaycanın informasiya məkanını belə müdaxilələrə qarşı daha dayanıqlı etmək, milli təhlükəsizliyimizin qorunmasının hər şeydən üstün olduğunun bütün vətəndaşlarımız tərəfindən dərk edilməsinə nail olmaqdır”.










