ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin dekabrda Mayamidə keçiriləcək “Böyük iyirmilik” (G20) sammitində iştirak etməsini istədiyini bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında danışıb.
ABŞ lideri Putinin sammitə qatılıb-qatılmayacağını bilmədiyini deyib.
“Onun gəlib-gəlməyəcəyini bilmirəm. Amma əlbəttə, onu görməyə şad olardım”, – deyə Tramp bildirib.
Qeyd edək ki, ABŞ administrasiyası daha əvvəl Vladimir Putini sammitdə iştiraka dəvət edib. Sentyabrda ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Rusiya liderinə dəvət göndərdiyini təsdiqləyib və onun dəvəti qəbul edəcəyinə ümid etdiyini bildirib.
Rubionun sözlərinə görə, sammit Putin üçün təkcə Donald Trampla deyil, digər dünya liderləri ilə də ünsiyyət qurmaq imkanı yarada bilər.
G20 sammitinin dekabrda ABŞ-ın Florida ştatının Mayami şəhərində keçirilməsi planlaşdırılır. Vladimir Putinin tədbirdə iştirak edib-etməyəcəyi hələ açıqlanmayıb.









