Politoloq Turan Rzayev İranın Azərbaycanla bağlı hicab məsələsinə dair açıqlamasını Türkiyədəki bəzi siyasi və media dairələrinin reaksiyaları ilə müqayisə edib.
Gununsesi.info-nun xəbərinə görə, Rzayev bildirib ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai brifinq zamanı Azərbaycan xalqını qəhrəman və bəsirətli xalq adlandırıb, hicab məsələsinin həm İran, həm Azərbaycan, həm də digər müsəlmanlar üçün əhəmiyyət daşıdığını vurğulayıb.
Bəqai azərbaycanlıların öz dini inanclarının qorunması ilə bağlı mövqelərini hökumətlərinə çatdırmağı yaxşı bildiklərini qeyd edib.
O, həmçinin Azərbaycanla İran arasında dostluq və qardaşlıq münasibətlərinə diqqət çəkərək, məsələnin qarşılıqlı anlaşma şəraitində, ümumi dəyərlərə və insanların əsas hüquqlarına hörmət əsasında həll olunacağına ümid etdiyini bildirib.
Politoloqun fikrincə, İranın açıqlamasında diqqət çəkən əsas məqam Azərbaycanın daxili qərarvermə hüququna dolayı şəkildə hörmət ifadə edilməsidir.
O hesab edir ki, Tehran hicab məsələsinin həllində Azərbaycan cəmiyyətinin və dövlətinin öz rolunu vurğulayan diplomatik mövqe nümayiş etdirib.
Turan Rzayev İranın bu yanaşmasını Türkiyədəki bəzi siyasi dairələrin və media nümayəndələrinin reaksiyaları ilə müqayisə edərək, sonuncuların daha sərt ittihamlara və ultimativ ritorikaya üstünlük verdiyini iddia edib.
Politoloq onu da vurğulayıb ki, Azərbaycan müstəqil dövlətdir və təhsil siyasəti, dövlət idarəçiliyi, dini inancla dünyəvi idarəçilik arasındakı münasibətlərin tənzimlənməsi ilə bağlı qərarları öz hüquqi çərçivəsində müəyyənləşdirmək hüququna malikdir.
Onun sözlərinə görə, bu qərarlar tənqid oluna bilər, lakin başqa ölkələrin siyasi dairələrinin narazılığı Azərbaycanın daxili işlərinə müdaxilə üçün əsas yaratmır.
Rzayev İranın mövqeyini idealizə etməyin də düzgün olmadığını qeyd edib.
O bildirib ki, Tehran öz milli maraqlarını rəhbər tutur və Azərbaycanla münasibətlərində dini həmrəyliklə yanaşı, geosiyasi amilləri də nəzərə alır.
Politoloqun fikrincə, hazırkı vəziyyətdə diqqət çəkən əsas ziddiyyət İranın rəsmi diplomatik dilində qarşılıqlı anlaşma və hörmətin vurğulanması, Türkiyədəki bəzi siyasi və media dairələrinin reaksiyalarında isə sərt ittihamların, təhdidlərin və təhqirlərin ön plana çıxmasıdır.
Orxan
Gununsesi.info












