“404” – bir romanın düşündürdükləri – Bəhruz Tağızadə yazır…

  • Müəllif: Orxan
  • 04 Noyabr 2026 11:43

Çöpəgülən, boşboğaz insanların əhatəsində ciddi bir ədəbiyyat nümunəsi görəndə adam sevinir.

Bu baxımdan, Orxanın “404” romanı dövrün vizual təsviri üçün lazımlı nümunədir.

Orxanı oxuyanda nəinki müharbəyə nifrət edirsən, əksinə, müharibə başlanmasını istəyirsən. O, müharibə dövründəki birliyi, dirliyi elə axıcı və sadə dillə təsvir edib ki, adam istəyir, müharibə yenidən başlasın, bu birlik qorunsun deyə müharibə heç bitməsin.

Bir də roman mənə göstərdi ki, müharibələrdə bütöv bir xalqın qoruya bildiyi sirrlər də var. Elə sirr ki, on milyon insanın arasında belə gizli qala bilər.

Hadisələrin mərkəzində göydə uçan quşa da, yerdə sürünən ilana da, qonşu qapısında hürən itə də bir sümük borcu olan Eyvaz kişinin oğlu Əjdər dayanır. Əjdər məhəllənin ən kasıb, pəncərələri kartonla örtülmüş daxmasından, əli-ayağı yerində hərbi xidmətə yola düşür. Müharibə isə onun əl-ayağını alıb, gəldiyi daxmaya geri göndərir.

İnsanların “Xitri Eyvaz” dediyi atası, müharibə başlanan kimi “Eyvaz kişiyə” çevrilir. Müəllif kasıblığı təkcə maddi vəziyyət kimi deyil, insanın cəmiyyətdəki münasibətlərinə təsir edən bir amil kimi təqdim edir. Qonşu qadınların, “kasıbdırsa niyə bu boydadır?” dediyi, Əjdərin anası Nailəni obrazlı şəkildə təsvir edir. Maqsuda, onun azyaşlı arvadına evlənərkən qonşu qadınların tənəsini, döyüşdə olarkən isə qınadıqları qadına ürək-dirək verməsi adamı əsl “bizimkilərin” içərisinə salır,hadisələr kinologiya kimi canlandırılır.

Orxanın ən xoşuma gələn xüsusiyyətlərindən biri də budur ki, yazılarında boş-boş təbiət təsvirlərinə, personajların üz cizgilərinin uzun-uzadı təsvirinə yer vermir, mövzudan sapıtmır. O, son dərəcə lakonik yazır. Az sözlə çox şey deyir. Təsvir etməkdənsə, düşündürməyə üstünlük verir. Məncə, bu, yazıçının ən qiymətli məziyyətlərindən biridir. Çünki bəzən bir cümləlik fikir on səhifəlik təsvirdən daha çox şey ifadə edə bilir. Orxanın məndən kiçik olduğunu nəzərə alsaq, təvazökarlıqdan uzaq olsa da, lap yekəxanalıq olsa da, bu xüsusiyyəti ilə qələm yaxınlığımızı deyə bilərəm. O da oxucunu lazımsız təsvirlərlə yormur, az sözlə çox şey deməyə çalışır. Yazıçıda ən yüksək keyfiyyət lakoniklikdir ki, bu Orxanda çox yaxşıdır. Amma bəzi yerlər də təkrarçılığa yol verir. Bir fikri çoxlu cümlələrlə aydınlaşdırır.

“404” romanı İkinci Qarabağ müharibəsində arxa cəbhədə cərəyan edən hadisələrdən bəhs edir və kitab sanki oxucu ilə söhbət edir. Onu deyim ki, Orxan gənc olmasına baxmayaraq, öz xalqını yaxşı tanıyan yazıçıdır. Romanda bu 15 yaşlı qızla evlənərkən sosial şəbəkələrdə təhqirlərə məruz qalan Maqsudun xayasından yaralanandan sonrakı sosial münasibət fərqində yaxşı görsənir.

Orxanda klassik rus və fransız ədəbiyyatına xas olan mühüm bir xüsusiyyət var. Belə ki, Orxan ciqanı, oğrunu, cəmiyyətin qəbul etmədiyi, hətta bəzən nifrətlə yanaşdığı adamları oxucuya müsbət qəhrəman kimi təqdim etməyi bacarır. Bu, heç də hər yazıçıya nəsib olmayan bir məharətdir. O, qəhrəmanının əməllərinə bəraət qazandırmadan onun insani tərəflərini üzə çıxarır, oxucunu həmin adama başqa gözlə baxmağa vadar edir. Əsl yazıçılıq da bir qədər budur: insanı yaxşı və pis deyə iki yerə bölmədən olduğu kimi göstərə bilmək. Orxan bu işin ustasıdır.

Siz bir bu səhnəyə diqqət edin:

«Şəhid yaxınları tabutun açılması üçün az qala özlərini şəhid edirdilər. Çünki hər şeyi öz gözləri ilə görmək istəyirdilər. Axı bunun özü də bir ümiddir. Bir neçə dəfə belə qəribə hallar olmuşdu. Şəhid xəbəri gəldikdən sonra onun sağ olduğu xəbəri yayıldığı üçün başqa valideynlər də bu ümidlə yaşayırdılar. Heç cür acı xəbərə inanmaq istəmirdilər».

Bu sətirləri oxuyanda yadıma «Bizim Cəbiş müəllim» filmindəki təsirli bir epizod düşdü. Ərinin qara kağızına inanmaq istəməyən qadın etiraz edirdi: «Mənə deyil axı bu kağız! Bu boyda şəhərdə Məmmədov təkcə bizik məgər? İstəmirəm, apar! Hardan gətirmisən, apar ora! Heç bu da sözdür? Bu kağız mənə deyil axı… Mənədir?»

Aradan illər keçib, amma insanın acı xəbərə inanmaq istəməməsi dəyişməyib. Bir vaxtlar qara kağızı geri qaytarmaq istəyirdilər, indi tabutun açılmasını istəyirlər. Hər iki halda insan son ana qədər bir möcüzəyə inanmaq istəyir.

Orxanın yaxşı müşahidə qabliyyəti olmasına baxmayaraq, insanların daxili düşüncələrini açma bacarığı zəifdir. Əjdər bizə yaxşı təqdim olunsa da, biz onun düşüncələrini hiss etmirik. Dialoqlara az yer verməsi Orxanın zəif cəhətidir. Səhnə qurma bacarığı zəifdir.

Roman nə qədər xoşuma gəlsə də, oxuduqca bir neçə səsin çatışmadığını hiss etdim. «Balamın ölüsünü mənə versinlər» deyən ana səsini, fikirdən qarşısındakı xörəyin dadını hiss etməyən ata səsini, sevgilisinin yolunu gözləyən qızın nigaran baxışlarını görmədim.

Orxan konkret bir süjet xətti seçərək, bir hadisəni romanın daxilində müstəqil və inkişaf edən bir xəttə çevirə bilərdi. Məsələn, həyat yoldaşını gözləyən təzə evlənmiş gəlin, dünyaya yeni gəlmiş övladını görmək həsrəti ilə yaşayan əsgər, yaxud atasının yolunu gözləyən körpə… Eyni zamanda, yalan və ya yanlış şəhid xəbəri yayıldıqdan sonra sağ olduğu üzə çıxan bir əsgərin, yaxud zabitin taleyi üzərində də bütöv bir süjet qurmaq mümkün idi.

Belə bir konkret hadisənin üzərində dayanmaq, onun doğurduğu mənəvi sarsıntıları, ailə münasibətlərini və insan talelərini daha dərindən işləmək romanın gücünü xeyli artıra bilərdi.

Məncə, Orxanda bunu etmək üçün kifayət qədər yazıçı potensialı var. Sadəcə, bu dəfə həmin potensialdan sona qədər istifadə etməyib. Qarşısında böyük bir ədəbi imkan olduğu halda, onun yalnız bir hissəsindən yararlanıb.

Romanın sonlarına yaxın məlum olur ki, məhəllədə heç kimə pislik etməyən Səkinə xala, sən demə, erməni imiş. Gənclərin onun qapısının ağzında acıqca “Nə oldu, Paşinyan?” mahnısını səsləndirməsi dolğun təsvir olunub.”İlanın ağına da lənət, qarasına da” sözü kütlə psixalogiyasının göstərgəsidir.

Bir sözlə, romanı oxumağı tövsiyə edirəm. Son olaraq Orxanın iti qələmini hiss etdim.

Sonluqda əsas məsələ Əjdərin müharibədən sonra dəyişməsi deyil, insanların onun yaşadığı ağrını görmək əvəzinə, onu öz düşüncələri ilə sorğulamasıdır. Mətnin mərkəzində ləyaqət dayanır. Etnik kimliyinə görə kənarlaşdırılan Səkinə xalanın, sonra isə müharibədən qayıtsa da, əvvəlki həyatına dönə bilməyən Əjdərin ləyaqəti.

Orxan bu iki obrazın taleyini bir nöqtədə birləşdirir: insanı kimliyinə, keçmişinə və ya yaşadıqlarına görə deyil, insan olduğuna görə qəbul etmək lazımdır.

Müəllif: Bəhruz Tağızadə

Gununsesi.info