Son vaxtlar müəllimlərin işdən azad olunması ilə bağlı şikayətlər artıb. Xüsusilə uzun illər təhsil sahəsində çalışan, təcrübəli müəllimlərin müxtəlif səbəblərdən iş yerlərini itirməsi narahatlıq doğurur.
Ötən gün Şuşa Humanitar Kollecinin 16 müəllimi işsiz qaldıqları üçün redaksiyamıza müraciət edib. Onların sözlərinə görə, uzun illər müəllim işləsələr də, pensiya yaşına az qalmış işdən çıxarılıblar. Buna səbəb kimi orta təhsilli olmaları və dərs yükünün azlığı göstərilib.
BUNA DA BAX:
Bəs müəllimlərin işsiz qalmaması üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı Gununsesi.info-ya fikirlərini bölüşən təhsil eksperti, Ramin Nurəliyev qeyd edilib ki, kolleclərin fəaliyyətində müəyyən tənzimləmələrin aparılmasına ehtiyac var:

“Bu gün gənclər kolleclərə əvvəlki qədər müraciət etmirlər. Çünki kolleclərlə eyni təhsil pilləsində yer alan peşə təhsili müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, dövlət tərəfindən bu sahəyə xüsusi diqqət və qayğı göstərilməsi kolleclərin müəyyən qədər kölgədə qalmasına səbəb olub.
Bununla yanaşı, ali təhsil müəssisələrinə subbakalavr kimi qəbul olmaq istəyən gənclərin imkanlarının məhdudlaşması da kolleclərə marağın azalmasına təsir göstərir. Bildiyiniz kimi, bu il Dövlət İmtahan Mərkəzi tərəfindən 150 ballıq ixtisasların sayı artırılıb. Bu isə kolleclərdə təhsil alanların ali məktəblərə qəbul imkanlarını müəyyən qədər məhdudlaşdırıb.
Nəticədə gənclər kolleclərə müraciət etməkdə maraqlı olmurlar. Çünki peşə təhsili ilə kollec təhsilini müqayisə etdikdə görürük ki, peşə təhsilini başa vuranlar müvafiq sahə üzrə əmək bazarına daha asan qoşula bilirlər. Kollec məzunları üçün isə bu imkanlar müəyyən qədər məhduddur.
Məsələn, mühasibatlıq və ya turizm ixtisası üzrə kollec təhsili alan şəxs əmək bazarına daxil olmaq istədikdə işəgötürən, bir qayda olaraq, ali təhsil diplomu olan namizədə üstünlük verir. Bu da kollec məzunlarının iş tapmasını çətinləşdirir və nəticədə gənclərin kolleclərə marağı azalır”.
Ekspert əlavə edib ki, tələbə sayının azalması həmin təhsil müəssisələrində çalışan müəllimlərin də iş imkanlarını təhlükə altına qoyur:
“Müraciət və tələb azaldıqda ixtisarlar qaçılmaz olur. Belə vəziyyətdə müəllimlərin bir qismi işini itirmək riski ilə üzləşir.
Düşünürəm ki, bu gün hər kəs öz ixtisası və peşəsi üzrə ən yaxşı olmağa çalışmalıdır. Çünki əmək bazarında əsas meyar peşəkarlıqdır. Xüsusilə süni intellektin həyatımızın bir hissəsinə çevrildiyi indiki dövrdə bir çox sahə və peşələrdə iş yerlərinin azalması mümkündür. Belə bir şəraitdə əmək bazarında yalnız öz sahəsində bilikli və bacarıqlı olanlar rəqabətə davam gətirə biləcəklər.
Ona görə də hesab edirəm ki, ixtisarlar müəyyən mənada təbii prosesdir. İnsanlar iş yerlərini itirməmək üçün öz sahələrində inkişaf etməli, ixtisara düşdükləri halda isə başqa sahələrdə çalışma imkanlarını nəzərdən keçirməlidirlər. Bu, reallıqdır və gələcəkdə istənilən sahəyə aid ola bilər.
Lakin peşə təhsilinin inkişafının kolleclərə mənfi təsir göstərdiyini nəzərə alaraq, bu təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı da müəyyən tənzimləmələr aparılmalıdır. İlk növbədə, belə bir sual ortaya çıxır: Gənc nə üçün kollec təhsili almalıdır? Əgər o, kolleci bitirdikdən sonra diplomu ilə əmək bazarına daxil olmaqda çətinlik çəkəcəksə, ali məktəblərə subbakalavr kimi qəbul imkanları da məhdud olacaqsa, əlavə xərc çəkərək kollec təhsili almaqda hansı marağı ola bilər?
Kollec diplomunun əmək bazarında yetərincə dəyərləndirilməməsi gənclərin bu təhsil müəssisələrinə marağını azaldır. Buna görə də kolleclərin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində konkret addımlar atılmalıdır.
Mənim təklifim ondan ibarətdir ki, kollec məzunları üçün ali təhsil müəssisələrinə qəbul zamanı əlavə plan yerləri ayrılsın. Hazırkı qaydalara əsasən, abituriyentlərin qəbulundan sonra boş qalan yerlərə subbakalavrlar da müraciət edə bilirlər. Lakin bəzi ixtisaslar üzrə boş yer qalmadığı üçün kollec məzunları illərlə ali məktəblərə qəbul olmaq imkanı əldə edə bilmirlər.
Əgər bu istiqamətdə müəyyən dəyişikliklər edilərsə və kollec məzunları üçün ayrıca plan yerləri ayrılarsa, kolleclərin nüfuzu və onlara maraq artar. Tələbə sayının artması isə həmin təhsil müəssisələrində çalışan müəllimlərin iş yerlərinin qorunmasına da müsbət təsir göstərər”.
Şəbnəm Rəhimova












