Məncə, xüsusi diqqət yetirilməli istiqamətlərdən biri də gənclərin öz düşüncələrini ifadə etməsi üçün geniş imkanların yaradılmasıdır.
Zəfər tarixini yalnız böyüklər danışmamalıdır. Gənclər də danışmalı, yazmalı, araşdırmalı, müzakirə etməli və öz baxışlarını ortaya qoymalıdırlar.
Bu məqsədlə ölkə miqyasında “Mənim Zəfər tarixim” adlı gənclər layihəsinin həyata keçirilməsi maraqlı təşəbbüs ola bilər.
Məsələn, layihə çərçivəsində məktəblilər və tələbələr arasında esse, videoçarx, sənədli film, foto və rəqəmsal təqdimat müsabiqələri təşkil etmək mümkündür.
O cümlədən şagirdlərdən “Zəfər mənim üçün nə deməkdir?”, “Şəhidlərə borcumuz nədir?”, “Gələcək Azərbaycanı necə görürəm?”, “Qarabağda yaşamaq mənim üçün nə ifadə edir?” kimi mövzularda yazılar hazırlamaları istənilə bilər.
Ən yaxşı yazılar və yaradıcılıq işləri mətbuatda, televiziya və internet resurslarında dərc olunmalı, müəllifləri ictimaiyyətə təqdim edilməlidir.
Bu, həm gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasına, həm də onların milli tarixə marağının artırılmasına xidmət edər.
Zəfər tarixindən danışarkən şəhidlərimizin xatirəsini xüsusi qeyd etməliyik.
Şəhidlər yalnız müharibənin qəhrəmanları deyil. Onlar Azərbaycan dövlətinin və xalqının azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş insanların ən uca mənəvi nümunəsidir.
Gələcək nəsillər şəhidlərimizi yalnız adları və şəkilləri ilə deyil, onların həyat hekayələri, arzuları, ailələri, təhsilləri, Vətənə bağlılıqları ilə tanımalıdırlar.
Hər bir şəhid haqqında toplanmış materialların sistemləşdirilməsi, onların həyat və döyüş yollarını əks etdirən elektron arxivlərin yaradılması, sənədli filmlərin çəkilməsi, kitabların hazırlanması vacibdir.
Məktəblərdə şəhidlərin adını daşıyan siniflər, kitabxanalar və xüsusi maarifləndirici guşələr onların xatirəsinin yaşadılmasına töhfə verə bilər.
Ancaq bir məqamı unutmayaq: şəhidlərimizin xatirəsini yaşatmaq yalnız adlarını əbədiləşdirmək deyil, onların uğrunda can verdikləri dəyərlərə layiq olmaqdır.
Elmar











