Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə Şərurlu İsfəndiyarın görüşünün keçirilməsi, məncə, təhsil müəssisəsinin missiyası və universitet mühitinin mahiyyəti haqqında ciddi suallar doğurur.
Universitet auditoriyası hər adamın gəlib öz həyat hekayəsini danışacağı, uğur formulunu açıqlayacağı, bir neçə motivasiya cümləsi ilə tələbələri ruhlandıracağı məkan deyil. Universitetin əsas vəzifəsi tələbələrə düşünməyi, araşdırmağı, təhlil etməyi, peşəkar qərarlar verməyi öyrətməkdir. Burada əsas meyar məşhurluq, sərvət və ya ictimai tanınma yox, intellektual və peşəkar səriştə olmalıdır.
Şərurlu İsfəndiyarın sahibkarlıq fəaliyyəti, tikinti sektorunda qazandığı mövqe, əlbəttə, müzakirə oluna bilər. Amma bir insanın biznesdə müəyyən uğurlar əldə etməsi avtomatik olaraq onu universitet auditoriyası üçün dəyərli natiqə çevirmir. Sahibkarlıq təcrübəsi ilə akademik və peşəkar bilik eyni şey deyil.
Əgər məqsəd tələbələrə tikinti sektorunun real problemlərini anlatmaqdırsa, universitetə bu sahənin mühəndislərini, memarlarını, şəhərsalma mütəxəssislərini, layihə rəhbərlərini, eləcə də tikinti hüququ və texnologiyaları üzrə mütəxəssisləri dəvət etmək daha məntiqli olmazdımı? Tələbələr tikinti materiallarının keyfiyyəti, konstruktiv təhlükəsizlik, şəhərsalma prinsipləri, memarlıq estetikası, mühəndis məsuliyyəti və müasir layihələndirmə haqqında nəsə öyrənməlidirlər.
Şərurlu İsfəndiyarın təhsili və akademik hazırlığı ilə bağlı məlum olanlar onun bu sahələrdə tələbələrə dərs verəcək mütəxəssis olduğunu göstərmir. Onun şəxsi həyat təcrübəsini dinləmək olar, amma bu təcrübənin universitet auditoriyasında hansı elmi, intellektual və peşəkar dəyər yaradacağı ayrıca əsaslandırılmalıdır.
Ən problemli məqam isə cəmiyyətimizdə uğur anlayışının getdikcə sadələşdirilməsidir. Sanki pul qazanan, obyekt tikən, müəyyən qədər tanınan hər kəs avtomatik olaraq həyat müəlliminə çevrilir. Halbuki varlanmaqla bilikli olmaq, tikinti biznesində fəaliyyət göstərməklə memarlıqdan və mühəndislikdən anlayışlı olmaq arasında ciddi fərq var.
Universitet tələbəyə yalnız necə pul qazanmağı deyil, necə düşünməyi də öyrətməlidir. Onun qarşısına biznesmen çıxarılırsa, həmin biznesmenin hansı bilikləri, hansı peşəkar təcrübəni, hansı düşüncə tərzini tələbələrlə bölüşəcəyi aydın olmalıdır.
Tələbələrin motivasiyaya ehtiyacı ola bilər. Ancaq motivasiya intellektual məzmunun əvəzi deyil. Bir neçə uğur hekayəsi, şəxsi həyat təcrübəsi və pafoslu cümlələr universitet təhsilinin keyfiyyətinə töhfə sayılmamalıdır.
Universitetin səviyyəsi dəvət etdiyi qonaqların məşhurluğu ilə deyil, tələbələrinə qazandırdığı biliklə ölçülür. Tələbənin vaxtı qiymətlidir. Onu mənasız motivasiya ilə deyil, ciddi bilik, peşəkar təcrübə və intellektual müzakirələrlə zənginləşdirmək lazımdır.
Elmar
Gununsesi.info











