“”Baku TV” şəxsi həyatımıza müdaxilə edir”

Xəbər verdiyimiz kimi, aparıcı Fira Cəlilovanın (Firuzə Cəlilova) Novxanı qəsəbəsində yerləşən bağ evinə basqın edilib.

Gununesi.info xəbər verir ki, o, bu barədə “Instagram” hesabında paylaşım edib.

Daha sonra DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub.

Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Əlihüseyn Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Lakin jurnalist yenidən video müraciət yayaraq bu iddiaları təkzib edib.

Məsələ ilə bağlı Baku TV-nin hazırladığı reportaj da diqqət çəkib. Aparıcı reportajdan narazılığını bildirərək müraciət edib.

O, xüsusilə bir müddət əvvəl çalışdığı Baku TV-nin hadisəyə yanaşmasının onu təəccübləndirdiyini bildirib:

“Hörmətli həmkarlar, media nümayəndələri!

Biz hamımız eyni peşənin nümayəndələriyik. Mən də uzun illərdir bu sahədəyəm, jurnalistikanın içindən gəlirəm. Ona görə də sizə bir həmkar kimi müraciət edirəm.

Mən cinayətkar deyiləm, xalq düşməni deyiləm. Sadəcə bir paylaşım etmişəm. Ancaq görürəm ki, məsələ ətrafında kifayət qədər böyük ajiotaj yaranıb. Bəzi məlumatların təqdimat forması və yayılma sürəti məni ciddi şəkildə narahat edir.

Mənim üçün ən təəccüblü məqamlardan biri də bir müddət əvvəl çalışdığım Baku TV-nin bu məsələyə yanaşmasıdır. Açığı, bunu görmək mənə xoş olmadı. Çünki söhbət təkcə bir xəbərdən deyil, şəxsi həyatımla bağlı məlumatların hansı mənbəyə və hansı təsdiqə əsaslanaraq ictimailəşdirilməsindən gedir.

Baku TV də daxil olmaqla, bu mövzuda məlumat yayan həmkarlarımdan xahişim budur: yayılan məlumatların mənbəyinə və dəqiqliyinə diqqət yetirilsin. Şəxsi həyatımla bağlı təsdiqlənməmiş məlumatların və iddiaların ictimaiyyətə təqdim olunması doğru deyil. Əgər ortada rəsmi məlumat varsa, onun mənbəyi və təsdiqi də aydın olmalıdır.

Mən heç bir media qurumunu və jurnalisti ümumilikdə ittiham etmək niyyətində deyiləm. Əksinə, jurnalistikanın əsas prinsiplərinə – obyektivliyə, dəqiqliyə və qarşı tərəfin mövqeyini dinləmək ənənəsinə hörmətlə yanaşıram.

Hörmətli həmkarlar, bu gün mənim yaşadığım bir vəziyyətdir, sabah hər birimizin başına gələ bilər. Ona görə də bir-birimizə qarşı daha həssas və məsuliyyətli olmağımızı istəyirəm.

Mənim də mövqeyim, sözüm və hüquqlarım var. Xahiş edirəm, məsələni birtərəfli təqdim etmədən, təsdiqlənməmiş məlumatları yaymadan və şəxsi həyatın toxunulmazlığını nəzərə alaraq işıqlandıraq.

Bütün həmkarlarıma hörmətlə yanaşıram. Sadəcə bu həssas məqamda məndən də bir həmkar kimi yanaşmağınızı gözləyirəm”.

 

 

Şəbnəm 

Gununesi.info