“Əgər iqtisadi cəhətdən zəif olan Gürcüstan bunu edə bilirsə, deməli biz də edə bilərik” – Elçin Bayramlı

  • Müəllif: Günel
  • 28 Avqust 2025 11:18

“Xərçəng xəstəliyi insanlar üçün hazırda dünyanın ən ağrılı, ən  qorxulu problemidir. Bu bütün ölkələrdə belədir, o cümlədən Azərbaycanda da bu xəstəlik sürətlə artır. Minlərlə insan müalicə oluna bilmədiyindən dünyasını dəyişir”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında sosioloq Elçin Bayramlı xərçəngin müalicə və əməliyyat xərclərini icbari tibbi sığortaya daxil edilməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, bu məsələyə dövlət mütləq müdaxilə etməlidir:

“Bu xəstəliyin xərcləri o qədər çoxdur ki, nəinki aztəminatlı əhali, orta təbəqə belə bunun öhdəsindən gələ bilmir. Ona görə də bu məsələyə dövlət müdaxilə etməlidir. Dövlət bunu mütləq icbari tibbi sığorta paketinə daxil etməlidir. Necə ki, dünyada əksər ölkələr belə edir. Hətta qonşu ölkələr olan-Rusiya, Gürcüstan, İranda belə xəstəliyin müalicəsi tibbi sığorta paketinə daxildir. Yalnız bu yolla biz insanlarımıza belə bir qorxulu xəstəliyin müalicəsinə müdaxilə etmiş olarıq. Əhalinin 80-90%-nin bu xəstəliyi müalicə etməyə qəti şəkildə imkanı çatmır. Üstəlik bizdə dərmanlar, müalicə, həkim qəbulu-hamısı bahadır. Ona görə mütləq şəkildə bu xərclər tibbi sığorta paketinə daxil olmalıdır. Çünki proqnozlar da göstərir ki, xərçəngin fərqli növləri yayıldıqca, getdikcə bu kimi xəstələrin sayı da artacaq. Eyni zamanda müasir həyat tərzinin, texnoloji imkanların genişlənməsi, qidaların süniləşməsi,  ekoloji vəziyyətin korlanması davam edir deyə bu xəstələrin sayı artacaq”.

Sosioloq vurğulayıb ki, hər hansı bir xırda tipli xidmətləri paketə daxil etməkdənsə, xərçəng xəstəliyini daxil etmək lazımdır:

“Vəziyyətin bu hala gəlib çıxmasından belə çıxır ki, aztəminatlı əhali xərçəngə yoluxan kimi məhvə məhkumdur. Yəni bunun ilkin müayinə və müalicələrə belə imkanı yoxdur. Bu baxımdan hər hansı bir xırda tipli xidmətləri paketə daxil etməkdənsə, xərçəng xəstəliyini daxil etmək lazımdır. Digərlərinin insanlar özləri də öhdəsindən gələ bilər. 10-50-100 manat verib müayinə və müalicə oluna bilər. Ancaq əsas insanların edə bilmədiyi ən ağır məsələ bu xəstəliklə mübarizə aparmaqdır. Bunu dövlət mütləq sığorta paketinə salmalıdır. Çünki dövlətin vəzifəsi əhalinin sağlamlığını təmin etməkdir. Əsas birinci vəzifəsi bundan ibarətdir. Əgər kütləvi şəkildə insanlar ağır xəstəliyə tutulub müalicə olunmağa imkanı çatmayıb öləcəklərsə, onda o ölkədə heç bir sağlam gələcəkdən, inkişafdan söhbət gedə bilməz. Azərbaycanda da artıqlaması ilə bunun üçün lazımi maliyyə imkanları var. Əgər bizdən dəfələrlə iqtisadi cəhətdən zəif olan Gürcüstan bunu edə bilirsə, deməli biz də bunu edə bilərik. İmkanlarımız bunu etməyə artıqlaması ilə qadirdir”.

 Günel Həsənova

Gununsesi.info