Ali məhkəmə hüquq müdafiəçisinin cəzasının yüngülləşdirilməsi məsələsinə baxacaq

İyunun 13-də Ali Məhkəmədə hüquq müdafiəçisi və araşdırmacı jurnalist Elçin Məmmədin barəsində təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə apellyasiya məhkəməsinin ötən ilin dekabrındakı rədd qərarından verilmiş kassasiya şikayətinə baxılacaq. Bu barədəMəmmədin rəhbərlik etdiyi “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” QHT-dən bildiriblər.

Suraxanı rayon Məhkəməsi Məmmədin hazırda saxlanıldığı 16 saylı cəzaçəkmə müəssisəsinin verdiyi xasiyyətnaməyə əsasən cəzasını yüngülləşdirməkdən imtina edib. Cəzaçəkmə müəssisəinin administrasiyası Məmmədin “islah olmadığını” və “əməlindən peşman olmadığını” bildirib.

Bu zaman Apellyasiya Məhkəməsi Məmmədin davranış normalarına əməl etdiyini müşahidə etmək üçün müəssisənin müşahidə kameralarının yaddaşındakı görüntülərdən istifadə edilməsi və məhkum yoldaşlarının ifadələrinin alınması haqqında vəsatətini təmin etməyib.

Məmməd kassasiya şikayətində Ali Məhkəmənin Plenumunun 8 oktyabr 2010-cu il tarixli qərarına istinad edib. Həmin qərarda göstərilir ki, məhkəmələr cəzaçəkmə müəssisələrinin irəli sürülmüş dəlilləri ilə kifayətlənməməlidir.

Hüquq müdafiəçisi apellyasiya şikayətinə onun əsassız yerə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı nüfuzlu beynəlxalq qurumların məhkəmələrə ünvanladığı məktubları da əlavə edib.

 

* 2020-ci il oktyabrın 17-də Sumqayıt şəhər məhkəməsi “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” QHT-nin rəhbəri və “Yüksəliş Naminə” saytının redaktoru Elçin Məmmədi “oğurluq” və “silah və döyüş sursatlarının qanunsuz saxlanılması”nda təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib.

Amnesty İnternational, PEN, FİACAT və digər beynəlxalq təşkilatlar Məmmədin həbsini pisləyib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Gununsesi.info