Almaniyadan deportasiya olunan fəalın məhkəməsi özünün iştirakı olmadan keçirilir

Almaniyadan deportasiya olunandan sonra narkotik ittihamıyla həbs edilən daha bir siyasi fəal – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mütəllim Orucovun məhkəməsi başlayıb. Lakin o, iyunun 2-də öz məhkəməsinə gətirilməyib.

Gununsesi.info xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətov bunu “mövcud şərait”lə izah edib. Amma hakim konkretləşdirməyib ki, mövcud şərait nədən ibarətdir. Hakim qərar verib ki, bundan sonrakı məhkəmə iclaslarına da Orucov gətirilməsin. Məhkəmə iclasları onlayn şəkildə keçirilsin.

Hərçənd, iyunun 2-də məhkəmə iclasına Orucov istintaq təcridxanasından heç onlayn qaydada da qatılmamışdı. Vəkil Nemət Kərimli məhkəmənin bu şəkildə keçirilməsinə etiraz edib, bunu şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirir: “Elə hökmü də onlayn çıxarıb verin bizə, bitsin bu iş.

Belə məhkəmə olmaz, axı. Adam öz məhkəməsində iştirak etmək, sözünü demək istəyir…”. Orucov yeddi aydan çoxdur ki, həbsdədir. Yaxınları deyir ki, bu müddətdə o, ailə üzvləriylə görüşməyib. O, tutularkən işgəncəyə məruz qaldığını, hətta zorlanmaqla hədələndiyini, bu üzdən narkotikin ona məxsusluğu haqda etiraf ifadəsinə imza atdığını deyir. İşgəncə şikayəti üzrə prokurorluq cinayət işi başlamaqdan imtina etsə də, sonradan məhkəmə prokurorluğun bu qərarını rədd edib. İşgəncə məsələsini təkrar araşdırma aparılması üçün prokurorluğa göndərib.

Gununsesi.info