Almaniyadan deportasiya olunan siyasi fəal prokurorluqda dindirilib - SAMİR AŞUROV ALMANİYA HÖKUMƏTİNDƏN NARAZIDIR

  • By admin
  • 01 Aprel 2022 21:03

Martın 29-da Almaniyadan readmissiya olunan otuz səkkiz nəfər Azərbaycan vətəndaşı arasında siyasi fəal Samir Aşurov da var.

Gununsesi.info xəbər verir ki, siyasi fəal bu gün Baş Prokurorluqda dindirilib.

“Hələlik, azadlıqdayam”  deyən Samir Aşurov əlavə edib ki, istintaqçılar ondan xaricə viza təşkil edən şəxslər və təşkilatlar haqqında sual verib.

 

Bununa belə Aşurov Gununsesi.info-ya açıqlamasında deyib ki,  Almaniya hökuməti yuxarı məhkəmə instansiyasının qərarı gəlmədən onu ölkədən deportasiya edib.

“Aşağı məhkəmə instansiyasının qərarında göstərirlər ki, mənim siyasi fəal olduğumu təsdiq edirlər. Amma, vacib siyasi şəxs olduğumu məqsədəuyğun saymırlar. Məhkəmə qərarında yazılıb ki, mən Azərbaycanın hansısa bir bölgəsində yaşaya bilərəm. Məhkəmə təsdiq edib ki, mənim Azərbaycanda yaşamağım üçün hər hansı təhlükə mövcud deyil.”

Samir Aşurov Azərbaycanı 2018-cu ildə iki dəfə inzibati həbsə məhkum edildikdən sonra tərk edib. O ölkəni tərk edərkən REAL Hərəkatının üzvü olub.

Aşurov Almaniyadan deportasiya olunmasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı olduğunu güman edir.

“Deportasiya olunmağımın əsl səbəbi Rusiya-Ukrayna müharibəsidir. Çünki, Avropa Birliyi ölkələrinin mühacir qəbulu 3,5 milyon nəfərdir. Hazırda həmin limit dolub və Avropa İttifaqı ölkələri bu səbəbdən digər insaları, yəni təkcə Azərbaycan vətəndaşlarını deyil, digər ölkələrin vətəndaşlarını da deportasiya etmək qərarı verib.”

O bildirib ki, Azərbaycana çatan kimi hava limanıda iki şəxs (biri mülki formada idi, digəri rütbəli şəxs idi) ondan ölkəni hansı səbəbdən tərk etdiyini soruşub.

“Mən Azərbaycanda siyasi təqiblərlə üzləşdiyimi dedim. İki dəfə şərlənərək həbs olunmağımı nəzərlərinə çatdırdım. Onlara bildirdim ki, hakimiyyətin qurbanlarından biri də mən olacam. Necə ki, məndən əvvəl dörd nəfər siyasi fəal, – Malik Rzayev, Mütəlim Orucov, Pünhan Kərimli və Cəfər Mirzəyev həbs olunub. Mən Almaniyada məhkəmədə də bunları dedim. Həmçinin bildirdim ki, mühacirətə gəlməmişdən öncə siyasi fəaliyyətimlə əlaqədar olaraq iki dəfə, 30 və 60 sutka inzibati qaydada həbs olunmuşam”.

 

Gununsesi.info