Apple Çindən üz çevirir! İstehsal üçün yeni marşrut: Hindistan

  • By Günel
  • 25 Aprel 2025 11:20

ABŞ və Çin arasında ticarət gərginliyi artdıqca “Apple” istehsal strategiyasını dəyişir. Şirkət 2026- cı ildən etibarən ABŞ-də satılan bütün “iPhone” ların montajını Hindistanda etməyi planlaşdırır. Bu yolla texnologiya nəhəngi şirkətin Çindən asılılığını azaltmağı və Hindistanın artan istehsal gücündən faydalanmağı hədəfləyir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər ABŞ-nin digər texnologiya nəhənglərinin də yaxın günlərdə oxşar qərarlar verə biləcəyini düşünürlər. ABŞ və Çin arasındakı ticarət müharibəsi qlobal texnologiya nəhənglərinin təchizat zəncirlərini yenidən formalaşdırmasına səbəb olur.

“Financial Times” ın məlumatına görə, “Apple” bu inkişaflara uyğun olaraq strategiyasında əhəmiyyətli dəyişiklik edir.

Bu addımın əsas səbəbi “Apple” ın Çindən istehsal asılılığını azaltmaq cəhdidir. Çindəki istehsal mərkəzlərinin əksəriyyəti “Foxconn” kimi subpodratçılar tərəfindən idarə olunsa da, həm pandemiya prosesi, həm də son illərdə baş verən geosiyasi gərginlik bu mərkəzlərin kövrəkliyini ortaya qoydu.

“Apple” son vaxtlar texnoloji sərmayələrindəki artım, istehsal infrastrukturunun inkişafı və şirkətlərə təqdim etdiyi təşviq paketləri sayəsində Hindistanda istehsal gücünü genişləndirir. Şirkətin istehsal tərəfdaşı “Foxconn” artıq Hindistanda bir çox “iPhone” modelini yığır.

Bu strateji dəyişiklik təkcə “Apple” ın istehsal zəncirini diversifikasiya etməyəcək, həm də Çinin elektronika istehsalında qlobal üstünlüyünə əhəmiyyətli zərbə vura bilər.

“Apple” ın qərarı digər Qərb texnologiya nəhəngləri üçün bir model ola bilər. Mütəxəssislər Hindistanın yaxın illərdə Çini əvəz etmək potensialına malik olduğunu bildirirlər.

Günel Həsənova 

Gununsesi.info