Furkanoğlu Dəmiryumruk Standı və Muay Tay Federasiyasının prezidenti Araz Musayev “Teknofest”də Teknofest İdarə Heyətinin sədri Selçuk Bayraktar ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, Selçuk Bayraktar qardaşı Haluk Bayraktarla “Furkanoğlu” firmasının “Teknofest”də gördüyü işləri izləyib.
Araz Musayev bildirib ki, Türkiyənin 3 ən böyük şəhərində keçirilən və sonuncusu isə 1-6 oktyabr tarixlərində Adana şəhərində hava limanında təşkil edilən 5 günlük “Teknofest” festivalında “Furkanoğlu Dəmiryumruk Stand” həmişəki kimi yerini tutub.
O, “Baykar” şirkətinə II Qarabağ müharibəsində “Bayraktar TB2” pilotsuz uçuş aparatı ilə verdiyi dəstəyə görə təşəkkür edib və iki dövlət, bir millət devizi ilə “Teknofest”ə dəstək olmağın borcumuz olduğunu qeyd edib: “Bu il dəstəklədiyimiz layihələrdən ən diqqətçəkəni yüksək hündürlüklərə çata bilən və müəyyən edilmiş koordinatlarda bomba ataraq hədəfi və ya terrorçunu məhv edə bilən “Atlas C1” pilotsuz silahlı hava vasitəsidir. “Atlas C1” avtonom şəkildə havaya qalxır, hədəfi məhv edir və yenidən avtonom şəkildə enir.
“Atlas C1” pilotsuz uçan aparat layihəmizin təqdimatı Teknofest İdarə Heyətinin sədri Selçuk Bayraktar, “Baykar”ın baş direktoru Haluk Bayraktar, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, müdafiə sənayesi naziri, TÜBİTAK prezidenti və STM baş direktoruna edildi. Stendimizdə 4 pilotsuz uçuş aparatı layihəsini sərgilədik”.