Rusiya Federal Kosmik Agentliyi (“Roskosmos”) 2036-cı ilədək Ayda nüvə elektrik stansiyası inşa etməyi nəzərdə tutur. Layihənin məqsədi Ay səthində yaradılacaq infrastrukturun enerji təminatını həyata keçirməkdir.
Gununsesi.info xəbər verir ki, Rusiyanın 2036-cı ilə qədər kosmik fəaliyyətlərini əhatə edən proqram sənədinə əsasən, nüvə elektrik stansiyası ölkənin Ay proqramı və beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
“Roskosmos”, eyni zamanda, 2036-cı ildən sonra nüvə enerjisi ilə işləyən kosmik nəqliyyat vasitələri hazırlayıb istismara verməyi də planlaşdırır.
Planlara görə, “Luna-26” missiyası 2028-ci ildə, “Luna-27/1” və “Luna-27/2” aparatları isə müvafiq olaraq 2029 və 2030-cu illərdə buraxılacaq. “Luna-28”, “Luna-29” və “Luna-30” missiyalarının isə 2032-2036-cı illər ərzində həyata keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, Rusiya 2036-cı ildən sonra pilotsuz kosmik aparatlarla Venera və Marsın tədqiqini, həmçinin Ay və asteroidlərdə resursların öyrənilməsi və mənimsənilməsi istiqamətində fəaliyyət göstərməyi planlaşdırır.












